Bir çox insan xorultunu azaltmaq və ya daha rahat yatmaq üçün üzüstə yatmağa üstünlük verir.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu vərdiş ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bildirilir ki, uzun müddət sinə qəfəsinə təzyiq göstərən bu yuxu pozisiyası ürək tutması əlamətləri ilə qarışdırılan “kostokondrit” xəstəliyini alovlandıra bilər.
Cagdas.az xəbər verir ki, mütəxəssis dr. Suraj Kukadianın açıqlamalarına görə, üzüstə yatmaq sinə qəfəsindəki qabırğa və döş sümüyünü birləşdirən qığırdaq toxumasına davamlı təzyiq yaradır. Bu isə həmin nahiyədə qıcıqlanma və iltihab əmələ gətirərək kostokondrit xəstəliyinə səbəb olur. Kostokondrit qabırğaları döş sümüyünə birləşdirən qığırdaq toxumasının iltihablanmasıdır. Xəstəlik əsasən sinənin sol tərəfində kəskin və sancı şəklində ağrılarla özünü göstərir. Bu ağrılar çox vaxt ürək tutması ilə səhv salınır və insanlarda ciddi panika yaradır.
Mütəxəssislər bildirirlər ki, dərin nəfəs alma, yataqda dönmək və ya sinə nahiyəsinə təzyiq göstərilməsi ağrıların daha da şiddətlənməsinə səbəb olur. Araşdırmalara görə, “sərbəst düşüş” pozisiyası kimi tanınan üzüstə yatış zamanı bədən ağırlığı birbaşa sinə qəfəsinə yönəlir. Saatlarla davam edən bu təzyiq qabırğa birləşmələrində iltihab riskini artırır. Üzüstə yatmağın zərərləri bununla məhdudlaşmır.
Aparılan yuxu araşdırmaları göstərir ki, bu pozisiyada yatan insanlarda stress, narahatlıq və gərginlik daha çox müşahidə oluna bilər. Bundan əlavə, üzün uzun müddət yastığa təzyiq etməsi dəridə qırışların yaranmasını sürətləndirə və erkən yaşlanmaya səbəb ola bilər. Mütəxəssislərin fikrincə, ən sağlam yuxu pozisiyaları yan və arxasıüstə yatmaq hesab olunur. Xüsusilə sol tərəfə yatmaq reflünü azaltmağa, bel ağrılarını yüngülləşdirməyə və yuxu apnesini azaltmağa kömək edir. Arxasıüstə yatmaq isə onurğanı düzgün vəziyyətdə saxlayaraq bədən çəkisinin bərabər paylanmasını təmin edir və oynaq ağrılarının qarşısını almağa yardım edir.(sfera.az)
















