Yay aylarında paytaxtda havaların kəskin qızması ilə bərabər, ictimai nəqliyyatda kondisioner problemi yenidən gündəmə gəlib. Qaydalara əsasən, yay mövsümündə marşrut xətləri üzrə xidmət göstərən şirkətlərin tabeliyindəki avtobuslarda soyutma sistemlərinin işlək vəziyyətdə olması məcburi şərt olsa da, bəzi daşıyıcılar bu tələbə əməl etmir.
Çağdaş.Az-a daxil olan şikayətlərə görə, paytaxtda fəaliyyət göstərən “Xaliq Faiqoğlu” MMC-nin tabeliyində olan 9 nömrəli marşrut xəttində artıq iki aydır ki, kondisionerlər işləmir. İsti hava şəraitində avtobuslardan istifadə etmək məcburiyyətində qalan vətəndaşlar ciddi çətinliklərlə qarşılaşdıqlarını bildirirlər.
Sərnişinlərin sözlərinə görə, avtobusların daxilində temperatur dözülməz həddə çatır və bu da xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin səhhəti üçün real təhlükə yaradır.
Məsələ ilə bağlı sərnişinlər tərəfindən avtobus sürücülərinə dəfələrlə iradlar bildirilsə də, sürücülərin cavabı eyni olub. Onlar problemin özlərindən asılı olmadığını vurğulayıblar:
“Biz dəfələrlə bu nasazlıq barədə aidiyyatı üzrə şirkət rəhbərliyinə məlumat vermişik. Kondisionerin təmir olunması bizim səlahiyyətimizdə deyil, bizlik bir şey yoxdur.”

Mövcud normativlərə əsasən, xidmət keyfiyyətinin və sərnişin rahatlığının təmin edilməsi məqsədilə yay aylarında avtobuslarda kondisioner sistemlərinin fasiləsiz işləməsi daşıyıcı şirkətlərin birbaşa öhdəliyidir. Tələbləri pozan və sərnişinlərin təhlükəsizliyini, rahatlığını təmin etməyən şirkətlərə qarşı qanunvericiliyə uyğun olaraq cərimələr və digər sanksiyalar nəzərdə tutulur.
Vətəndaşlar aidiyyatı dövlət qurumlarından “Xaliq Faiqoğlu” MMC-nin tabeliyindəki 9 nömrəli marşrut xəttində yaranmış bu acınacaqlı vəziyyətin qısa zamanda nəzarətə götürülməsini və problemin həll edilməsini tələb edirlər.
Xəqani Əzizli
















