Son illərdə xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələrin sayında əvvəlki dövrlərlə müqayisədə müəyyən azalma müşahidə olunur. Bir vaxtlar xüsusilə Türkiyə universitetlərinə böyük maraq göstərilsə də, hazırda bu istiqamətdə əvvəlki qədər yüksək axın qeydə alınmır. Mütəxəssislər hesab edir ki, bu tendensiyaya həm ailələrin artan maliyyə yükü, həm də Azərbaycandakı ali təhsil müəssisələrinin son illərdə inkişaf etməsi təsir göstərir.
Cagdas.az xəbər veriri ki mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvüVasif Qafarov qeyd edib ki, bunun səbəbi təkcə bir amillə bağlı deyil.
“Həm iqtisadi faktorlar, həm də yerli ali təhsil sistemində baş verən dəyişikliklər bu prosesə təsir edir.
Əvvəlcə maliyyə məsələsinə toxunsaq, xaricdə təhsil xərcləri son illərdə ciddi şəkildə artıb. Xüsusilə Türkiyə, Avropa və digər ölkələrdə yaşayış, kirayə, nəqliyyat və təhsil haqları əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Valyuta məzənnələrinin dəyişməsi də ailələrin yükünü artırır. Bu səbəbdən bir çox ailə övladını xaricə göndərməkdə çətinlik çəkir və daha sərfəli alternativ kimi yerli universitetlərə üstünlük verir”.
Deputat həmçinin vurğulayıb ki, digər tərəfdən, Azərbaycandakı bəzi universitetlərin inkişafını da nəzərə almaq lazımdır:
“Son illərdə müəyyən ali təhsil müəssisələrində beynəlxalq proqramların tətbiqi, xarici müəllimlərin cəlb olunması, ikili diplom layihələri və texnologiya əsaslı təhsilin genişlənməsi müəyyən müsbət dəyişikliklər yaradıb. Xüsusilə ADA Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC və bir sıra digər universitetlər artıq regionda rəqabət apara biləcək səviyyədə görünür. Bu da bəzi tələbələrin “mütləq xaricdə oxumaq lazımdır” düşüncəsini zəiflədib”.

V.Qafarov eyni zamanda Türkiyə universitetlərinə marağın azalmasına da aydınlıq gətirib:
“Türkiyə universitetlərinə marağın azalmasına gəlincə, burada da bir neçə əsas faktor var. Bir vaxtlar Türkiyə həm coğrafi yaxınlıq, həm dil və mədəniyyət baxımından azərbaycanlı tələbələr üçün ən rahat seçim idi. Lakin son illərdə Türkiyədə iqtisadi vəziyyətin mürəkkəbləşməsi, yaşayış xərclərinin artması və universitetlərin sayının çoxalması nəticəsində keyfiyyət fərqlərinin yaranması marağın müəyyən qədər azalmasına səbəb olub. Bundan əlavə, əvvəllər Türkiyə diplomu əmək bazarında daha yüksək üstünlük verirdisə, indi işəgötürənlər daha çox namizədin bacarıqlarına, dil biliyinə və praktik təcrübəsinə diqqət yetirirlər. Bu da sadəcə “xarici diplom” faktorunun əvvəlki qədər təsirli olmamasına gətirib çıxarır”.
Deputat əlavə edib ki, əmək bazarındakı yanaşmaya gəldikdə isə, düşünürəm ki, müəyyən dəyişiklik artıq baş verir:
“Əvvəllər xaricdə təhsil almaq daha çox prestij göstəricisi sayılırdı. İndi isə işəgötürənlər universitetin adından çox, şəxsin kompetensiyalarına önəm verməyə başlayıblar. Yəni yaxşı yerli universitet məzunu, güclü dil biliyi və praktiki bacarıqları ilə bəzi hallarda xarici universitet məzunundan daha rəqabətli ola bilir. Bununla belə, dünyanın nüfuzlu universitetlərindən alınan diplomlar hələ də beynəlxalq şirkətlər və müəyyən peşə sahələri üçün üstünlük hesab olunur”.
Deputat ümumilikdə hesab edir ki, xaricdə təhsil artıq əvvəlki kimi yalnız “prestij” məsələsi deyil:
“Tələbələr və ailələr daha çox “bu təhsil mənə hansı real imkanları yaradacaq?” sualına cavab axtarırlar. Bu isə seçimlərin daha rasional şəkildə edilməsinə səbəb olur”, – deyə V.Qafarov bildirib.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın fikrincə isə, xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələrin sayında müşahidə olunan müəyyən azalmanın səbəbini yalnız maliyyə və ya yalnız yerli universitetlərin inkişafı ilə əlaqələndirmək düzgün olmazdı:
“Əsas səbəblərdən biri odur ki, əvvəlki illərdə bəzi ölkələrdə attestatla və ya daha sadələşdirilmiş qəbul şərtləri ilə ali təhsil almaq imkanları geniş idi və qəbul imtahanlarında istədiyi nəticəni əldə etməyən gənclərin bir qismi akkreditasiyası, reytinqi və akademik nüfuzu kifayət qədər aydın olmayan universitetlərə yönəlirdi. Bu gün isə həm valideynlər, həm də abituriyentlər universitet seçiminə daha məsuliyyətli yanaşır, diplomun tanınması və təhsilin keyfiyyəti məsələlərinə daha çox diqqət yetirirlər”.
O Türkiyə universitetlərinə marağın əvvəlki illərlə müqayisədə müəyyən qədər azalması barədə fikirlərlə qismən razı olduğunu da bildirib:
“Bir dövr Türkiyə həm coğrafi yaxınlığı, həm dil və mədəniyyət oxşarlığı, həm də əlçatan qəbul imkanları səbəbindən azərbaycanlı gənclər üçün ən populyar istiqamətlərdən biri idi. Hazırda isə gənclər yalnız ölkəyə görə deyil, universitetin reytinqinə, proqramın keyfiyyətinə, beynəlxalq tanınmasına və gələcək karyera imkanlarına görə seçim etməyə başlayıblar. Eyni zamanda, Türkiyədə yaşayış və təhsil xərclərinin artması da seçimlərə təsir edən amillərdəndir”.

G.Əkbərova onu da nəzərə çatdırıb ki, akkreditasiya və diplomların tanınması məsələsi də burada mühüm rol oynayır:
“Son illərdə bu mövzuda maariflənmə artıb. Valideynlər və tələbələr artıq universitet seçərkən həmin ali məktəbin akkreditasiyasını, beynəlxalq reytinqlərdə yerini və diplomunun Azərbaycanda tanınma imkanlarını daha ciddi araşdırırlar. Çünki bəzi hallarda məhz bu məsələlər məzun olduqdan sonra problemlər yarada bilir”.
Həmsöhbətimiz xarici dipomların əmək bazarındakı mövqeyinə münasibət bildirib:
“Xarici diplomların əmək bazarındakı mövqeyinə gəlincə, düşünürəm ki, yanaşma əvvəlki illərlə müqayisədə dəyişib. Bir vaxtlar xarici universitet diplomu özü-özlüyündə böyük üstünlük hesab olunurdu. Bu gün isə işəgötürənlər daha çox namizədin real bilik və bacarıqlarına, xarici dil səviyyəsinə, praktiki təcrübəsinə və peşəkar kompetensiyalarına diqqət yetirirlər. Əlbəttə, nüfuzlu xarici universitetlərin diplomları hələ də üstünlük yarada bilir, lakin artıq təkcə diplomun xarici olması uğurun təminatı kimi qəbul edilmir. Sevindirici haldır ki, son illərdə Azərbaycan universitetlərinin də inkişafı, beynəlxalq əməkdaşlıqlarının genişlənməsi və təhsil keyfiyyətinin yüksəlməsi nəticəsində yerli ali məktəb məzunları əmək bazarında daha rəqabətqabiliyyətli mövqe qazana bilirlər”, – deyə o fikrini tamamlayıb.
















