Zod qızıl yatağında aparılan son baxış zamanı ərazidə Ermənistan tərəfindən hər hansı qazıntı və ya istismar fəaliyyətinin olmadığı müəyyən edilib.
Cagdas.az xəbər verir ki, bundan əvvəl Azərbaycan tərəfi bu yataqda Ermənistanın işləri davam etdirməsi barədə narahatlıq ifadə etmişdi. Aparılan yoxlama həmin şübhələri tam şəkildə aradan qaldırıb.
Xatırladaq ki, noyabrın 28-də Qəbələdə Azərbaycan və Ermənistan baş nazir müavinləri – Şahin Mustafayev və Mher Qriqoryanın iştirakı ilə sərhədlərin delimitasiyası üzrə komissiyaların 12-ci iclası keçirilib. Görüşdə müzakirə olunan məsələlərdən biri də Zod yatağına birgə baxışın təşkili olub.
Məlumdur ki, Kəlbəcər işğal altında olduğu illərdə Zod qızıl yatağı Ermənistan tərəfindən uzun müddət istismar edilib və SSRİ dövründən bəri bütün qazıntılar Ermənistan tərəfdən aparılıb.
Hazırda isə həmin bölgədə çətin iqlim şəraitinə baxmayaraq, Azərbaycan tərəfindən nəqliyyat və logistika infrastrukturunun yaradılması davam edir. Bu işlər tamamlandıqdan sonra yatağın istismarına “AzerGold” QSC tərəfindən başlanılması planlaşdırılır.


