ABŞ-ın İrana mümkün hərbi müdaxiləsində hava qüvvələri və raketlər əsas rol oynaya bilər
Çağdaş.az xəbər verir ki, ABŞ administrasiyası İrana qarşı mümkün hərbi addımlar zamanı hava qüvvələri və uzaqmənzilli raketlərdən istifadəyə xüsusi önəm verir. Bu barədə CBS telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampa İrana qarşı mümkün cavab tədbirləri ilə bağlı müxtəlif variantlar təqdim edilib. Bu variantlara kiberəməliyyatlar, psixoloji təsir kampaniyaları, İranın komanda strukturlarını, rabitə sistemlərini və dövlətə məxsus media qurumlarını zəiflətməyə yönəlmiş tədbirlər də daxildir.
Pentagon rəsmilərinin bildirdiyinə görə, bu əməliyyatlar ənənəvi hərbi zərbələrlə paralel şəkildə həyata keçirilə və ya ayrıca bir seçim kimi tətbiq oluna bilər.
Mənbələr qeyd ediblər ki, istənilən halda hava qüvvələri və uzaqmənzilli raketlər ABŞ-ın mümkün hərbi cavabının əsas sütunları olaraq qalır. Eyni zamanda Pentaqon münaqişənin yalnız döyüş meydanı ilə məhdudlaşmayaraq, uzunmüddətli rəqəmsal əməliyyatlar və informasiya-təsir kampaniyalarını da əhatə edə biləcəyi ssenariləri nəzərdən keçirir.
Xatırladaq ki, 29 dekabr 2025-ci ildə Tehranda İran rialının kəskin dəyər itirməsi səbəbindən ticarətçilər etiraz aksiyalarına başlayıb. Bir gün sonra universitet tələbələri də aksiyalara qoşulub və etirazlar ölkənin bir çox böyük şəhərinə yayılıb. İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, 8 yanvardan etibarən etirazçılar arasında silahlı terrorçular da olub.
Rəsmi məlumatlara əsasən, iğtişaşlar zamanı 38 hüquq-mühafizə əməkdaşı həyatını itirib. Tehran hakimiyyəti etirazçıları terrorçu adlandıraraq baş verənlərə görə İsrail və ABŞ-ı məsul tutub.
Prezident Donald Tramp daha əvvəl ABŞ-ın İrandakı iğtişaşları yatırmaq üçün güc tətbiqini nəzərdən keçirdiyini açıqlamışdı. Bildirilir ki, İrandakı vəziyyətlə bağlı mümkün hərbi zərbələr də daxil olmaqla müxtəlif reaksiya variantları Trampa yaxın günlərdə təqdim olunacaq.


