Son dəqiqə
Reklam
Reklam

15 min manata sıfır kilometr – Ucuz elektromobil almağa dəyərmi?

Cəmiyyət

Azərbaycanda avtomobil bazarında sıfır kilometr elektromobillərin sayı və çeşidi sürətlə artır. Xüsusilə münasib qiymətə avtomobil axtaran alıcılar üçün Çin istehsalı elektromobillər daha çox diqqət çəkir.

Cagdas.az xəbər verir ki, hazırda bazarda 20 min manatdan aşağı qiymətə də sıfır kilometr elektromobil tapmaq mümkündür.

Qiyməti nisbətən münasib olan modellər əsasən kompakt ölçüləri və şəhər istifadəsinə uyğunluğu ilə seçilir.

Bu modellər arasında “Dayun Yuehu” xüsusilə diqqət çəkir. Onun dəyəri 15 min manatdır. Bu avtomobillə bir dəfəyə 300 km məsafə qət etmək olar. “BYD Seagull” isə digər ucuz elektromobildir. Onun sıfır kilometr versiyasının qiyməti təxminən 23 800 manatdan başlayır. Kompakt kuzaya malik model əsasən şəhər daxilində gündəlik istifadə üçün nəzərdə tutulub. Versiyadan asılı olaraq avtomobilin bir dəfə tam doldurulmuş batareya ilə yürüş məsafəsi 300 kilometrdən çox ola bilər.

“DongFeng Nammi Box” modeli bazarda 23 900 manata təklif edilir. Bu avtomobil bir dəfə şarj olunduqdan sonra 430 km məsafə qət edə bilir. “Changan Qiyuan Q05” (24 500 manat), “GAC Aion ES” (26 900 manat), “Wuling Bingo” (29 900 manat) və “Geely Geometry E” (29 900 manat) digər ucuz elektromobil modelləridir.

Bəs bu qiymətə sıfır kilometr elektromobil almağa dəyərmi?

Mütəxəssislərin fikrincə, belə avtomobil seçərkən yalnız satış qiymətinə diqqət yetirmək düzgün deyil. Alıcı ilk növbədə batareyanın tutumunu, real yürüş məsafəsini, şarj müddətini, sürətli şarj imkanlarını və avtomobilə verilən rəsmi zəmanəti araşdırmalıdır.

Elektromobil əsasən şəhər daxilində istifadə olunacaqsa, kompakt və nisbətən münasib qiymətli modellər gündəlik ehtiyacları tam qarşılaya bilər. Xüsusilə avtomobili evdə və ya iş yerində şarj etmək imkanı olan sürücülər üçün bu nəqliyyat vasitələri daha praktikdir.

Amma uzun məsafələr qət edən sürücülər seçim zamanı daha diqqətli olmalıdırlar.

Batareyanın real yürüş məsafəsi və səfər zamanı şarj məntəqələrinin mövcudluğu bu halda əsas məsələlərdən birinə çevrilir. Digər tərəfdən, avtomobilin Azərbaycanda rəsmi servisinin olması da mühüm amildir. Ehtiyat hissələrinin tapılması, texniki xidmət imkanları və batareyaya verilən zəmanət avtomobilin sonrakı istismar xərclərinə ciddi təsir göstərir.

Azərbaycanda hazırda 15-30 min manat aralığında sıfır kilometr elektromobil almaq mümkündür. Lakin avtomobilin ucuz olması onun hər alıcı üçün uyğun olduğu anlamına gəlmir. Avtomobil almadan əvvəl onun hansı məqsədlə istifadə ediləcəyi, gündəlik qət edilən məsafə, şarj imkanları və texniki xidmət şərtləri mütləq nəzərə alınmalıdır.

Qiymətlər və satış şərtləri dəyişə bildiyi üçün konkret avtomobili almadan əvvəl satıcıdan aktual qiymət, komplektasiya və zəmanət şərtlərini dəqiqləşdirmək vacibdir\sfera.az\