Son dəqiqə

15 ölkədən Hörmüz planı: “Yeni təhlükəsizlik mexanizmi qurulacaq”

Dünya

Fransa Prezidenti Emanuel Makron Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün təxminən 15 ölkənin iştirakı ilə genişmiqyaslı əməliyyat hazırlandığını açıqlayıb.

Çağdaş.Az-ın məlumatına görə, Milli Müdafiə Şurasının iclasında çıxış edən Makron bildirib ki, Hörmüz boğazı üçün yeni təhlükəsizlik mexanizmi yaradılması planlaşdırılır.

Fransa lideri qeyd edib ki, təxminən 15 ölkənin iştirakı ilə “dəniz tapşırıq qüvvəsi”nin formalaşdırılması istiqamətində hazırlıqlar davam edir. O, bu planın İranla koordinasiya şəraitində həyata keçiriləcəyini də vurğulayıb.

Məlumata görə, Oman kimi ölkələrin tələbləri əsasında deyil, bölgədə gəmiçilik azadlığını uzunmüddətli şəkildə təmin edəcək sabit mexanizmin qurulması hədəflənir.

ABŞ ilə İran arasında əldə olunan və ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilən, Hörmüz boğazının tam açılması şərtinə bağlı iki həftəlik atəşkəsdən sonra boğazdan ilk gəmilər keçib.

Liberiya bayrağı altında üzən “Daytona Beach” adlı yük gəmisi Türkiyə vaxtı ilə saat 08:28-də İranın Bəndər-Abbas limanından ayrılıb və 09:59-da boğazı keçib.

Hazırda Oman körfəzində olan gəminin son dayanacağı kimi Füceyrə limanı göstərilir.

ABŞ və İsrailin 28 fevralda İrana qarşı başladığı hücumlar və İranın cavab addımları ilə gərginləşən proses fonunda, Donald Tramp aprelin 8-də gecə saatlarında atəşkəsin qəbul edildiyini açıqlayıb.

Tramp bildirib ki, Hörmüz boğazının açılması şərti ilə 2 həftəlik atəşkəs razılaşdırılıb və İran tərəfindən təqdim edilən 10 maddəlik təklif danışıqlar üçün əsas kimi qəbul edilə bilər.

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası isə ölkənin müharibədə məqsədlərinə çatdığını bəyan edərək yekun danışıqların İslamabadda maksimum 15 gün ərzində başa çatdırılmasının planlaşdırıldığını açıqlayıb.

Qeyd olunur ki, Türkiyə, Pakistan və Misir ABŞ ilə İran arasında danışıqların davam etdirilməsi və nəticə əldə olunması üçün fəal diplomatik səylər göstərir.