Azərbaycanda pensiya yaşına çatdıqdan sonra qeyri-rəsmi işləməyə davam edən minlərlə vətəndaş var. Mövcud qanunvericiliyə əsasən, onların adına sosial sığorta haqları ödənilmədiyi üçün pensiyalarının yenidən hesablanması mümkün deyil. Bəs bu sahədə qanunvericilikdə dəyişiklik edilməlidirmi?
Cagdas.az xəbər veriri ki mövzu ilə bağlı Referans Media-nın suallarını cavablandıran Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc hesab edir ki, problemin həlli qeyri-rəsmi çalışanlara sonradan əlavə hüquqlar verməkdən deyil, rəsmi məşğulluğu stimullaşdırmaqdan keçir.
Ekspert bildirib ki, qanunvericilikdə elə dəyişikliklərin edilməsi ki, uzun illər qeyri-rəsmi işləyən şəxslərə sonradan əlavə hüquqlar yaratsın, rəsmi əmək münasibətlərinə mənfi təsir göstərə bilər.
“Əgər şərtləri bərabərləşdirsək, işəgötürənlər üçün işçiləri rəsmi şəkildə işə götürməyə stimul qalmayacaq. Eyni zamanda vətəndaşların özləri də əmək fəaliyyətlərini rəsmiləşdirməyə maraq göstərməyəcəklər.
Məncə, burada fərqli yanaşma tətbiq olunmalıdır. Pensiya yaşına çatmış şəxslərin işə götürülməsi üçün işəgötürənlərə müəyyən stimullaşdırıcı təşviqlər verilməlidir. Məsələn, 65 yaşa qədər işçilər üçün vergilər tam həcmdə tətbiq olunsun, 65 yaşdan yuxarı işə qəbul edilən şəxslər üzrə isə 30-50 faiz vergi güzəşti nəzərdə tutulsun.
Bu, həm həmin şəxslərin məşğulluğunu asanlaşdırar, həm də işəgötürənləri onları rəsmi işə qəbul etməyə həvəsləndirər. Beləliklə, uzun illər qeyri-rəsmi işləyən insanların gələcək sosial təminatı üçün də müəyyən şərait yaranar.
Mən qeyri-rəsmi məşğulluğun qarşısını almaq üçün qanunvericiliyin daha da sərtləşdirilməsinin tərəfdarıyam. Çünki işəgötürənlərə qarşı daha ciddi tədbirlər görülməlidir ki, vətəndaşlarımız gələcəkdə belə problemlərlə üzləşməsinlər.
Hazırkı cərimələr və inzibati tənbeh tədbirləri ən azı iki dəfə artırılmalıdır ki, işəgötürən qeyri-rəsmi əmək münasibətlərinə üstünlük verməsin.
Digər tərəfdən, vergi siyasətinə də yenidən baxılmalıdır. Minimum əməkhaqqının səviyyəsi artırılmalıdır ki, ‘konvert’ əməkhaqqı ödənişlərinin qarşısı alınsın. Minimum əməkhaqqının artırılması ilə yanaşı, bütün işçilərin rəsmi qeydiyyata alınmasını təşviq edən proqramlar da həyata keçirilməlidir.
Məsələn, müəyyən sayda işçisi olan müəssisələr üçün dövlət vergi güzəştləri tətbiq edə bilər. Belə stimullar sahibkarları bütün işçilərini rəsmi şəkildə qeydiyyata almağa sövq edər.
Yüksək vergi yükü bəzi sahibkarları işçilərinin sayını gizlətməyə məcbur edir. Buna görə də vergi mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var. Əks halda, qeyri-rəsmi işləyən hər kəs üçün ayrıca sosial müdafiə mexanizmi yaratmaq bütövlükdə pensiya sisteminin dayanıqlılığı üçün risk yarada bilər.
Vətəndaşların sosial müdafiəsini gücləndirmək üçün təşviq proqramlarının həyata keçirilməsi daha məqsədəuyğundur. Əgər bir şəxs işlədiyini, lakin həmin dövrdə onun adına sosial sığorta haqqı ödənilmədiyini müvafiq dövlət orqanları qarşısında sübut edə bilirsə, bu hallar ayrıca qiymətləndirilə bilər.
Lakin heç bir yerdə rəsmiləşdirilmədən, işəgötürənlə işçi arasında qeyri-rəsmi razılaşma əsasında əmək fəaliyyəti göstərilməsi qanunla cəzalandırılmalıdır. Belə işəgötürənlər ciddi şəkildə hüquqi məsuliyyətə cəlb edilməlidirlər.”
















