Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə ticarət gəmilərinə qarşı hücumların ciddi təhlükə yaratdığını bildirərək tərəflərə açıq xəbərdarlıq edib.
Ərdoğan xarici ölkələrdə fəaliyyət göstərən Türkiyə səfirləri ilə görüşdə çıxışı zamanı deyib ki, son günlər Qara dənizdə mülki və ticarət gəmilərinə edilən hücumlar dənizdə naviqasiya təhlükəsizliyini ciddi şəkildə risk altına salır. Onun sözlərinə görə, bu cür addımlar heç bir tərəfin maraqlarına xidmət etmir. Prezident vurğulayıb ki, Türkiyə məsələ ilə bağlı hər iki tərəfə aydın və qəti mövqe ortaya qoyur.
Türkiyə lideri xatırladıb ki, Ankara Rusiya və Ukrayna arasında birbaşa danışıqlar üçün platforma yaradıb və bu il İstanbulda iki ölkənin nümayəndə heyətləri arasında üç görüş təşkil olunub. Ərdoğan qeyd edib ki, Türkiyə diplomatiyasının nəticəsi olaraq İstanbul prosesi humanitar sahədə mühüm nailiyyətlər əldə edib. Bu nailiyyətlər sırasında Qara dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsi və əsir mübadilələri xüsusi yer tutur.
Prezident Ərdoğan Türkiyənin boğazlardan keçidi tənzimləyən Montrö Konvensiyasına sadiqliyini bir daha bəyan edib. O bildirib ki, bu konvensiyanın ciddi şəkildə icra olunması sayəsində müharibənin Qara dənizə yayılmasının qarşısı alınır.
Qeyd edək ki, Türkiyə 1936-cı ildə imzalanmış Montrö Konvensiyasına uyğun olaraq, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra gərginliyin artmaması məqsədilə Bosfor və Dardanel boğazlarını münaqişə tərəflərinin və regiondan kənar ölkələrin hərbi gəmiləri üçün bağlayıb.


