Son dəqiqə

Türkiyə hava məkanına sızma: Təsadüflər zənciri qırılır

Dünya

Bir neçə gün əvvəl Türkiyənin hava məkanına daxil olan naməlum PUA F-16-larımız tərəfindən vuruldu. Tutaq ki, bu, təsadüf idi. Bəs İzmitdə ələ keçirilən Rusiyaya məxsus “Orlan-10” PUA-sı necə?

Cagdas.az xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Abdullah Ağar bildirib.

Onun sözlərinə görə, ardıcıl baş verən hadisələr təsadüf ehtimalını zəiflədir:

“Müharibə aparan tərəflərin göndərdiyi PUA-lar texniki nasazlıqlar və digər səbəblərdən istiqamətini dəyişə bilər. Bu, adi müharibə şəraitində rast gəlinən haldır. Qarabağ müharibəsində və xüsusilə Ukrayna müharibəsində bu cür hallara tez-tez rast gəlinib. Lakin ardıcıl şəkildə baş verən bu tip hadisələr belə bir sual yaradır: Kimsə Türkiyənin hava məkanına sızma mesajı vermək istəyirmi? Yoxsa kimsə gərginliyi Qara dənizə daşımaq niyyətindədir?

Qeyd etdiyim kimi, hava məkanımızda bir PUA-nın vurulması normal qarşılana bilərdi. Ancaq bundan dərhal sonra İzmitdə “Orlan-10” PUA-sının tapılması vəziyyəti dəyişir.

Çünki “Orlan-10” adi bir platforma deyil. Bu PUA elektron müharibə, siqnal kəşfiyyatı, hava hücumundan müdafiə və radar yoxlaması, eləcə də məlumat ötürmə qabiliyyətinə malikdir. İstanbula çox yaxın, sənaye, nəqliyyat, logistika, hərbi və mülki infrastrukturun sıx yerləşdiyi bir ərazi olan İzmitdə düşməsi isə düşündürücüdür.

Bundan əlavə, bu hadisə ilk vurulan PUA-dan sonra irəli sürülən “texniki nasazlıq” versiyasını da zəiflədir. Bu halda sual yaranır: PUA haradan buraxılıb? Qara dənizdəki gəmilərdən buraxılması mümkündürmü?

Bunun faktiki hücumdan daha çox strateji bir “nəbz yoxlaması” olduğu ehtimalını yüksək qiymətləndirirəm. Qara dənizi qızışdırmaq və asimmetrik təxribat ehtimalı da kifayət qədər güclüdür. Çünki Ukrayna müharibəsi quruda dalana dirənib. Rusiya, NATO və İngiltərə isə dəniz məkanına üstünlük verirlər. Üstəlik, Montrö Konvensiyası Türkiyənin əlində mühüm bir açar rolunu oynayır. Müharibə Baltik və Orta Avropa üzərindən təzyiq yaradır. Rusiyanın hədəfində Avropa və İngiltərə dayanır”.

Ekspert Qara dənizdə gərginliyin artacağı təqdirdə mümkün ssenariləri də şərh edib:

“Gərginlik artarsa, Türkiyə ‘tərəf seçməyə’ məcbur edilə bilər. Montrö Konvensiyası ciddi təzyiq altına düşər. Ancaq burada Türkiyəyə qarşı birbaşa hücumdan söhbət getmir. Sadəcə, Türkiyənin qərarvermə alqoritmi, iradəsi və davranışları kənardan müşahidə olunur.

Bəs ən təhlükəli ehtimal nədir? Əgər bu hadisələr tək-tək deyil, silsilə halını alarsa, o zaman bu, böyük bir geosiyasi tələ kimi qiymətləndirilə bilər.

Bu prosesin Rusiyaya məxsus gəmilərin Türkiyə sahillərinə yaxın ərazilərdə Ukrayna tərəfindən vurulmasından, rusların Ukrayna limanlarında türk gəmilərini hədəf almasından, C-130 təyyarəmizin qəzasından və Türkiyənin dörd müharibə zonasının tam ortasında yerləşməsindən dərhal sonra baş verdiyinə diqqət yetirmək lazımdır.

Lakin unutmayaq ki, Ukrayna müharibəsi bizim müharibəmiz deyil. Bu müharibə NATO-dan öz maraqları üçün istifadə edən və bunu etmək istəyən Avropa, İngiltərə və Rusiya arasındadır.

Bizim əsas diqqət etməli olduğumuz məsələ müharibənin Orta Avropa və Baltik ölkələrinə yayılmasının qarşısını almaq, onu Qara dənizə sıçratmaq və Türkiyəni bu müharibədə alətə çevirmək cəhdləridir. Qarşılaşdıqlarımız ‘təsadüf’ deyil, amma ‘müharibənin başlanğıcı’ da sayılmaz.

Bu, Türkiyənin sinir uclarına yönəlmiş yüngül toxunuş əməliyyatıdır. Bu toxunuşlara verilən hər bir refleks növbəti mərhələnin istiqamətini müəyyən edəcək. Ona görə də əsas məsələ təhdidin özü deyil, verilən reaksiyanın strateji yaddaşa necə həkk olunduğudur”.