Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın rəsmi təmaslar aparmaq məqsədilə Suriyaya səfər edib.
Cagdas.az Türkiyə mətbuatına istinadən bildirir ki, görüşlərdə 8 dekabr tarixində Əsəd rejiminin devrilməsinin birinci ildönümündən sonrakı dövrdə planlaşdırılan səfər çərçivəsində Türkiyə–Suriya münasibətlərinin son bir il ərzində siyasi, iqtisadi və təhlükəsizlik aspektlərində keçdiyi yolun hərtərəfli şəkildə dəyərləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, Türkiyənin milli təhlükəsizlik prioritetləri baxımından mühüm əhəmiyyət daşıyan 10 mart razılaşmasının icra prosesinin gedişatı da müzakirə olunacaq.
Səfər zamanı İsrailin hücumları fonunda Suriyanın cənubunda yaranan təhlükəsizlik risklərinin də diqqət mərkəzində saxlanılması gözlənilir.
Türkiyə və Suriyanın ortaq maraqları, eləcə də Suriyanın son vaxtlar İŞİD-lə Mübarizə üzrə Beynəlxalq Koalisiyaya (DMUK) qoşulması kontekstində, Suriyadakı mümkün qeyri-sabitlikdən istifadə etməyə çalışan İŞİD-in yenidən fəallaşmasının qarşısının alınması istiqamətində əməkdaşlıq məsələləri də gündəmdə olacaq.
Görüşlərin əsas mövzularından biri təhlükəsizlik məsələləri olsa da, Suriyanın yenidən qurulması məqsədilə ikitərəfli səviyyədə həyata keçirilən layihələrin müzakirəsi və Suriya hökumətinin institusional potensialının artırılmasına dəstək verilməsi istiqamətində görülən işlərin qiymətləndirilməsi də planlaşdırılır.
Bununla yanaşı, Türkiyənin Şamdakı səfiri vəzifəsinə təyin edilən xarici işlər nazirinin müavini Nuh Yılmazın da görüşlərdə iştirak etməsi nəzərdə tutulur.
3+3 formatında qarşılıqlı səfərlər
Əsəd rejiminin devrilməsindən sonra ötən bir il ərzində Türkiyə–Suriya münasibətlərində bir çox sahədə inkişaf əldə edilib. Xüsusilə təhlükəsizlik və iqtisadiyyat sahələrində ikitərəfli və regional səviyyədə tarixi əməkdaşlıq imkanları ortaya çıxıb.
Türkiyə bir tərəfdən təxminən 15 il davam etmiş Suriya böhranının fəsadlarının aradan qaldırılmasına dəstək verir, digər tərəfdən isə yeni əməkdaşlıq imkanlarının hər iki ölkənin maraqları doğrultusunda Suriyanın sabitliyinə və təhlükəsizliyinə xidmət edəcək şəkildə dəyərləndirilməsi üçün səylərini davam etdirir.
Bu çərçivədə xarici işlər naziri Hakan Fidan Əsəd rejiminin devrilməsindən sonra ilk olaraq 22 dekabr 2024-cü ildə Suriyaya səfər edib. Ardınca, Suriyada formalaşan yeni və müsbət siyasi mühitin təbii nəticəsi olaraq Türkiyə ilə Suriya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər fasiləsiz şəkildə davam etdirilib. Bu prosesdə iki ölkə arasında 3+3 formatında keçirilən görüşlər xüsusi əhəmiyyət daşıyır.
Məhz bu çərçivədə Suriyanın xarici işlər naziri Esad Həsən Şeybani yüksək vəzifəli nümayəndə heyəti ilə birlikdə 15 yanvar 2025-ci ildə Türkiyəyə rəsmi səfər edib. Səfər zamanı xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və MİT rəhbəri İbrahim Kalın suriyalı həmkarları ilə görüşüblər.
Bu görüşdən sonra Hakan Fidan, Yaşar Gülər və İbrahim Kalın 13 mart 2025-ci ildə birlikdə Suriyaya işgüzar səfər həyata keçirib.
İki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq və aktual məsələlərin müzakirə olunduğu növbəti toplantı isə 12 oktyabr 2025-ci ildə Ankarada, Türkiyəli rəsmilər və suriyalı nümayəndələrin iştirakı ilə təşkil edilib.
Cagdas.az
Xəqani Əzizli


