Son dəqiqə

Somali böhranı dərinləşir: Afrika İttifaqı İsrailin addımına qarşı çıxdı

Dünya

Afrika İttifaqı İsrailin Somalinin bir hissəsi olan Somalilandı müstəqil və suveren dövlət kimi tanımaq qərarını qəti şəkildə pisləyib. Bu barədə Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusif yazılı bəyanatla çıxış edib.

Cagdas.azın məlumatına görə, bəyanatda vurğulanır ki, Afrika İttifaqı Somalinin birliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini bir daha təsdiqləyir. Eyni zamanda təşkilat Somali hakimiyyətinin sülhün möhkəmləndirilməsi, dövlət institutlarının gücləndirilməsi və inklüziv idarəetmənin inkişafı istiqamətində gördüyü işləri tam dəstəkləyir.

Mahmud Əli Yusif bildirib ki, Somalinin birliyinə, suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmağa yönələn istənilən addım Afrika İttifaqının əsas prinsiplərinə ziddir və qitə üzrə sülh və sabitlik üçün ciddi nəticələrə səbəb ola biləcək təhlükəli presedent yaradır.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu cümə günü ölkəsinin Somaliland Respublikasını müstəqil və suveren dövlət kimi tanıdığını açıqlayıb. Somalinin şimal-qərbində, Qırmızı dəniz sahilində yerləşən Somaliland 1991-ci ildə birtərəfli qaydada müstəqilliyini elan etsə də, indiyədək beynəlxalq səviyyədə tanınmayıb.