Son dəqiqə

Raket sınağı gərginliyi artırdı: Kimdən dünyaya xəbərdarlıq

Dünya

Şimali Koreya hərbi təlim çərçivəsində uzunmənzilli strateji qanadlı raketlər buraxıb. Bildirilib ki, təlimin əsas məqsədi ölkənin hücum imkanlarını və ordunun döyüş hazırlığını yoxlamaq olub.

Cagdas.az xəbər verir ki, Şimali Koreya ordunun döyüşə hazırlıq səviyyəsini, eləcə də hücum potensialını sınaqdan keçirmək məqsədilə dəniz istiqamətində uzunmənzilli strateji qanadlı raketlərdən istifadə edib.

Şimali Koreyanın rəsmi xəbər agentliyi olan Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) qeyd edib ki, təlim raketlərin buraxılış prosedurlarının yoxlanılması, manevr qabiliyyətinin qiymətləndirilməsi və “əsas strateji silah sistemi” kimi xarakterizə edilən raket kompleksinin etibarlılığının sınaqdan keçirilməsi məqsədi daşıyıb.

Xəbərdə vurğulanıb ki, raketlər Qərb dənizi üzərində əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə uçaraq hədəflərini dəqiqliklə məhv edib.

Təlimə şəxsən Şimali Koreya lideri Kim Çen İnın rəhbərlik etdiyi bildirilib. Məlumata əsasən, Kim Çen İn sınaqların nəticələrindən böyük məmnunluq ifadə edib.

Bundan əlavə, Kim Çen İn ölkənin nüvə caydırıcılıq potensialının mütəmadi olaraq sınaqdan keçirilməsinin mövcud təhlükəsizlik təhdidləri fonunda Şimali Koreyanın qanuni özünümüdafiə hüququnun tərkib hissəsi olduğunu vurğulayıb və nüvə gücünün inkişafının davam etdiriləcəyini bir daha bəyan edib.