Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın Venesueladakı əməliyyatını “liberal dünya nizamının çökməsi”nin sübutu kimi dəyərləndirib
Cagdas.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi addımların mövcud qlobal nizamın dağılmaqda olduğunu bir daha göstərdiyini bildirib. Onun sözlərinə görə, köhnə dünya sistemi çökmək üzrədir, lakin yeni dünya nizamı hələ formalaşmayıb.
Orban qeyd edib ki, hökuməti “sülh və təhlükəsizlik yolu”ndan dönmək niyyətində deyil. O, bu ilin ilk günlərində liberal dünya nizamının artıq süqut mərhələsinə daxil olduğunu xatırladan ciddi bir siqnal aldıqlarını deyib. Baş nazir ABŞ Prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı verdiyi hərbi qərara işarə edərək bildirib ki, Trampın bir il əvvəl Ağ Evə qayıdışı liberal dünya düzəninə “ölümcül zərbə” vurub.
Orban sosial şəbəkə hesabında yazıb ki, yeni dünya hələ də aydın konturlar qazanmayıb və qarşıdakı illər daha qeyri-sabit, gözlənilməz və təhlükəli olacaq.
O, əlavə edib ki, aprel ayında keçiriləcək parlament seçkilərində onun rəhbərlik etdiyi “Fidesz – Macarıstan Vətəndaş Birliyi” partiyası qalib gəlsə, ölkə bundan sonra da sülh və təhlükəsizlik siyasətini davam etdirəcək. Orban vurğulayıb ki, Macarıstan gənclərinin cəbhəyə göndərilməsini istəmir, ölkənin və iqtisadiyyatın məhv edilməsinə yol vermək niyyətində deyil və Ukraynadakı müharibədən uzaq durmağa çalışacaq.


