NATO taktik data link idarəetmə mərkəzinin şəbəkə planlaşdırma proqramını Türkiyənin HAVELSAN şirkətindən almaq qərarına gəlib. Bu proqram NATO üçün kritik əhəmiyyət daşıyır və müasir orduların “mərkəzi sinir sistemi” kimi qiymətləndirilir.
Çağdaş.az “Haber Global”a istinadən xəbər verir ki, taktik data link idarəetmə mərkəzləri vasitəsilə hava, quru və dənizdəki bütün dost qüvvələr anlıq ünsiyyət qurur və eyni vəziyyət təsvirini paylaşır. Bu proqram vasitəsilə xəbərdarlıq və komanda mərkəzləri ünsiyyət qurur, döyüş təyyarələri, gəmilər və raket sistemləri idarə olunur.
NATO uzun müddətdir bu proqram üçün təklifləri qiymətləndirirdi. Ən yüksək qiymətləndirməni alan HAVELSAN ilə əməkdaşlıq qərara alındı və tərəflər 18 dekabr 2025-ci ildə müqavilə imzaladı.
HAVELSAN-ın təqdim etdiyi bu proqram sayəsində fərqli texnologiyalara malik hərbi vasitələr bir-birini görə və taktiki məlumatları paylaşa bilir. Bütün sistemlər vahid şəbəkədə birləşdirilir və mərkəzdən idarə olunması mümkün olur.
















