Son dəqiqə

Putindən sürpriz addım: Rus qoşunları Qamışlıdan çəkilir

Dünya

Putindən gözlənilməz addım: Rus qoşunları Türkiyə sərhədi yaxınlığında geri çəkilir

Cagdas.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya Suriyanın şimal-şərqində, Türkiyə sərhədinə yaxın yerləşən Qamışlı hava limanından döyüş təyyarələri, helikopterlər və hərbi texnikanı nəqliyyat təyyarələrinə yükləyərək mərhələli geri çəkilmə prosesinə başlayıb. Bu addım bölgədə hərbi və siyasi balansların dəyişə biləcəyi ilə bağlı sualları artırıb.

Yerli mənbələrin məlumatına görə, Qamışlı hava limanında yerləşdirilən rus hərbçiləri və hərbi avadanlıqlar Lazkiyədəki Hmeymim hava bazasına daşınır. Bu məqsədlə Rusiya ordusuna məxsus “İlyuşin” tipli hərbi-nəqliyyat təyyarələrindən istifadə olunur.

Bununla belə, Rusiya qüvvələrinin bölgəni tamamilə tərk edib-etməyəcəyi hələ də dəqiq deyil. Bildirilir ki, bəzi bölmələr, xüsusilə hava hücumundan müdafiə sistemləri və müəyyən döyüş təyyarələri hələlik Qamışlıda qalmaqda davam edir.

Sahədə gərginlik və yeni strateji hesablamalar
Geri çəkilmə xəbəri Suriyada Bəşər Əsəddən sonrakı dövrdə nəzarət mexanizmlərinin dəyişməsi və formalaşmaqda olan yeni siyasi-hərbi reallıqlarla əlaqələndirilir. Suriya keçid hökuməti ilə kürd qüvvələrinin əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) arasında atəşkəs razılaşmasından sonra Moskvanın bölgədəki mövqeyini yenidən gözdən keçirdiyi qeyd olunur.

Rusiya hərbi varlığının yenidən yerləşdirilməsi və ya tam çıxarılması ilə bağlı Moskva hələlik rəsmi açıqlama verməyib. Lakin köçürülən texnika və canlı qüvvənin Suriyanın şimal-şərqində təhlükəsizlik və nəzarət balansına təsir göstərəcəyi ehtimal edilir.

Strateji əhəmiyyətini qoruyan baza
Qamışlı hava limanı Türkiyə sərhədinə yaxın strateji mövqedə yerləşir və uzun müddətdir Rusiyanın Suriyadakı hərbi mövcudluğunun əsas dayaqlarından biri sayılır. Bu bazanın gələcək taleyi regionda davam edən geosiyasi mübarizə və qüvvələr nisbəti baxımından həlledici əhəmiyyət daşıyır.