Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası başa çatıb. Prezident Külliyəsində baş tutan toplantıdan sonra yekun bəyanat yayımlanıb.
Cagdas.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayımlanan bəyanata görə, iclasda 2025-ci ildə baş verən və milli təhlükəsizlik baxımından əhəmiyyət daşıyan siyasi, hərbi, iqtisadi və ictimai hadisələr geniş şəkildə müzakirə olunub. Eyni zamanda, 2026-cı ildə yarana biləcək mümkün risklər, görüləcək işlər və görülməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
MTŞ-də müzakirə olunan əsas mövzular
Bəyanatda qeyd olunub ki, PKK/KCK-PYD/YPG, FETÖ və DEAŞ başda olmaqla, milli birlik və bərabərliyə, eləcə də ölkənin təhlükəsizliyinə yönələn bütün təhdidlərə qarşı həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda qətiyyətlə aparılan mübarizə barədə Şura üzvlərinə ətraflı məlumat verilib. Son dövrdə baş verən beynəlxalq proseslər də iclasın gündəmində yer alıb.
“Terrordan azad Türkiyə” hədəfi vurğulandı
“Terrordan azad Türkiyə” məqsədi istiqamətində indiyədək əldə edilən nəticələr dəyərləndirilib. Bildirilib ki, ölkənin və regionun təhlükəsizliyi, sabitliyi və rifahının möhkəmləndirilməsi üçün atılan addımlar qətiyyətlə davam etdiriləcək.
Suriyaya dəstək davam edəcək
Bəyanatda Suriyanın suverenliyi, ərazi bütövlüyü, unitar quruluşu və siyasi birliyinin qorunması istiqamətində göstərilən səylərə Türkiyənin güclü dəstək verdiyi vurğulanıb. Suriya xalqının sülh, təhlükəsizlik və rifahının artırılması üçün görülən işlərin davam etdiriləcəyi bildirilib.
“Türkiyə Qəzzada hər cür məsuliyyəti üzərinə götürməyə hazırdır”
İclasda Qəzzadakı son vəziyyət və atəşkəsin gələcəyi də müzakirə edilib. Türkiyənin Qəzza məsələsinin həlli üçün yaradılan beynəlxalq mexanizmlərin qurucu üzvlərindən biri olduğu xatırladılıb. Bildirilib ki, humanitar yardımların bölgəyə çatdırılması davam edəcək, Qəzzanın yenidən bərpası və davamlı sülhün təmin edilməsi üçün Türkiyə tərəfdaşları ilə birlikdə hər cür məsuliyyəti üzərinə götürməyə hazırdır.
Somaliyə dəstək mesajı
Somali Federal Respublikasının suverenliyi və ərazi bütövlüyünə Türkiyənin dəstəyinin davam etdiyi vurğulanıb. Türkiyənin Somali xalqının terror təşkilatlarına qarşı apardığı mübarizədə qardaşlıq münasibətlərinin tələb etdiyi bütün addımları atmağa davam edəcəyi qeyd olunub.
İran və regional sabitlik
İranla bağlı mövcud proseslər ətraflı şəkildə dəyərləndirilib. Qonşu İranın sabitliyi və daxili təhlükəsizliyinin regionun ümumi təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıdığı xüsusi olaraq vurğulanıb.
Rusiya–Ukrayna müharibəsi
Rusiya–Ukrayna müharibəsində mövcud vəziyyət müzakirə olunub. Münaqişənin təsirlərinin Qara dənizdə qorunmağa çalışılan sabitliyi pozmaması üçün bütün tərəflərin məsuliyyətlə davranmasının vacibliyi bir daha diqqətə çatdırılıb.
Türkiyənin müharibənin sona çatdırılması və davamlı sülhün tez bir zamanda təmin edilməsi istiqamətində səylərini davam etdirəcəyi bildirilib.
2026-cı ildə də aktiv diplomatiya
Bəyanatda qeyd olunub ki, Türkiyə Asiya, Afrika və Avropanı əhatə edən geniş coğrafiyada, müxtəlif münaqişə və böhran bölgələrində sülhün qorunması və sabitliyin təmin edilməsi məqsədilə həyata keçirdiyi çoxşaxəli fəaliyyətlərini 2026-cı ildə də qətiyyətlə davam etdirəcək.
















