ABŞ-ın xarici ticarət kəsiri Prezident Donald Trampın qlobal ticarəti sarsıdan gömrük rüsumları fonunda 2025-ci ildə cüzi azalma göstərərək 901 milyard dollar səviyyəsinə enib.
Cagdas.Az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin cümə axşamı açıqladığı məlumatlara görə, ölkənin digər dövlətlərə satdığı və onlardan aldığı mal və xidmətlər arasındakı fərq 2024-cü ildəki 904 milyard dollardan 901 milyard dollara düşüb.
Bu cüzi azalma Tramp administrasiyasının bir çox ölkədən idxala iki rəqəmli gömrük rüsumları tətbiq edərək qlobal ticarət balanslarını dəyişdirdiyi bir ildə qeydə alınıb.
Ötən il ABŞ-ın ixracı 6%, idxalı isə təxminən 5% artıb.
Bununla belə, Trampın proteksionist siyasətinin əsas hədəfi olan maşınlar və təyyarələr kimi məhsulları əhatə edən mal ticarətindəki kəsir 2% artaraq 1,24 trilyon dollara çatıb.
Bu artımda Amerika şirkətlərinin süni intellekt investisiyalarını dəstəkləmək üçün Tayvandan kompüter çipləri və digər texnologiya məhsulları idxalını artırması əsas rol oynayıb.
Pekinlə davam edən gərginlik fonunda Çinlə mal ticarətində kəsir 2025-ci ildə təxminən 32% azalaraq 202 milyard dollara enib. Dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə həm ixracda, həm də idxalda ciddi azalmalar müşahidə olunub. Lakin ticarət axını Çindən digər ölkələrə yönəlib.
Bu proses nəticəsində Tayvanla ticarət kəsiri iki dəfə artaraq 147 milyard dollara, Vyetnamla isə 44% artımla 178 milyard dollara yüksəlib.
Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun baş eksperti Çad Boun Asiyada ticarət axınlarının bu şəkildə yer dəyişməsinin yeni risklər yarada biləcəyinə diqqət çəkib. Onun sözlərinə görə, Tramp Çinlə rəqabətdən daha çox ticarət rəqəmlərinə fokuslanarsa, Tayvan və Vyetnam bu il yeni hədəfə çevrilə bilər.
2025-ci ildə ABŞ-ın Meksikadan idxalı ixracını təxminən 197 milyard dollar üstələyib. Bu göstərici bir il əvvəl 172 milyard dollar idi.
Kanada ilə ticarət kəsiri isə 26% azalaraq 46 milyard dollara düşüb. Vaşinqton administrasiyası bu il hər iki ölkə ilə Trampın ilk prezidentliyi dövründə imzalanmış ticarət sazişlərinin yenilənməsi üçün danışıqlar aparır.
Bankçılıq və turizm kimi xidmət sektorunda isə ABŞ-nin müsbət ticarət saldosu 2024-cü ildəki 312 milyard dollardan 339 milyard dollara yüksəlib.
Ticarət kəsiri ilin ilk rübündə ABŞ şirkətlərinin Trampın tətbiq etdiyi rüsumlar qüvvəyə minməzdən əvvəl xarici məhsulları ehtiyat üçün toplaması səbəbindən kəskin artıb. Lakin ilin qalan hissəsində azalma meyli göstərib.
İqtisadçılar bildirirlər ki, ABŞ idxalçıları tərəfindən ödənilən və adətən qiymət artımı şəklində istehlakçılara ötürülən bu rüsumların inflyasiyaya təsiri gözlənildiyi qədər güclü olmayıb.
Tramp isə gömrük rüsumlarının ABŞ sənayesini qoruyacağını, istehsalı ölkəyə geri qaytaracağını və dövlət büdcəsinə əlavə gəlir gətirəcəyini iddia etməyə davam edir.
















