ABŞ-da yetkinlik yaşına çatmayan qız uşaqlarına qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunaraq mühakimə edildiyi vaxt həbsxanada ölü tapılan milyarder Cefri Epşteynlə bağlı iş üzrə yeni detallar üzə çıxıb. İctimaiyyətə açıqlanan sənədlər göstərir ki, Epşteyn 2012-ci ildə Çinə viza almaq üçün diplomatik əlaqələrindən istifadə edib və cinayət keçmişini gizlədərək prosesi manipulyasiya etməyə çalışıb. Lakin bütün cəhdlərinə baxmayaraq, Çin hakimiyyət orqanlarının ona viza vermədiyi məlum olub.
Çağdaş.Az-ın məlumatına görə, açıqlanan yazışmalar sübut edir ki, uşaq istismarı cinayətinə görə məhkum olunmuş maliyyəçi Çin səfərini reallaşdırmaq üçün “hiyləli” üsullara əl atıb. Sənədlərdə Epşteynin ilkin imtina cavabından sonra cinayət keçmişini gizlədərək yenidən müraciət etməyə cəhd göstərdiyi qeyd olunur.
12 may 2012-ci il tarixli elektron məktub Böyük Britaniya Krallıq ailəsinin o dövrkü məsləhətçilərindən biri olan Devid Stern tərəfindən göndərilib. Stern, Epşteynin rədd edilən viza müraciətindən sonra sənədlərin birbaşa deyil, Parisdəki vasitəçi agentlik üzərindən təqdim edilməsini tövsiyə edib.

Məktubda ən diqqətçəkən məqam isə viza formasındakı “daha əvvəl viza üçün imtina almısınızmı?” və “cinayət keçmişiniz varmı?” xanalarının işarələnməməsi, yəni boş buraxılması ilə bağlı məsləhətdir. Stern bu qanunsuz tövsiyəni verərkən, “Bunu edib-etməmək C-nin (Cefrinin) qərarıdır” deyərək məsuliyyətdən yayınmağa çalışıb.
Sənədlər Epşteynin Çində “Asia Gateway” (Asiya Qapısı) adlı investisiya ofisi açmağı planlaşdırdığını üzə çıxarır. İddialara görə, o, bu layihə çərçivəsində İngiltərə Krallıq ailəsinin “nüfuz və əlaqə imkanlarından” istifadə edərək Çin elitası ilə sıx münasibətlər qurmağı hədəfləyib.
Bütün diplomatik cəhdlərə və “cinayət keçmişini gizlətmə” planlarına baxmayaraq, Çin hakimiyyəti Epşteynin viza müraciətini rədd edib. Nəticədə planlaşdırılan Pekin səfəri heç vaxt baş tutmayıb.
Bu yazışmaların üzə çıxması Böyük Britaniyada ciddi siyasi rezonans doğurub. Devid Stern və onunla əlaqəli yüksək vəzifəli şəxslər barəsində “qanunsuz viza məsləhətçiliyi” və “cinayətin ört-basdır edilməsi” iddiaları ilə araşdırmaların dərinləşdirildiyi bildirilir.
















