Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Estoniya ərazisinə nüvə silahları yerləşdiriləcəyi təqdirdə, Rusiya nüvə silahları da həmin ölkəni hədəfə alacaq.
Çağdaş.Az xəbər verir ki, Peskov bu barədə Rusiyanın dövlət televiziyası Rossiya kanalında çıxışı zamanı deyib. Ona Estoniyaya NATO-nun müdafiə planları çərçivəsində nüvə silahları yerləşdiriləcəyi halda Moskvanın mövqeyinin necə olacağı ilə bağlı sual ünvanlanıb.
Estoniyanın Rusiyaya yaxınlığına diqqət çəkən Peskov vurğulayıb ki, Rusiya, digər Avropa ölkələri kimi, Estoniyanı da təhdid etmir.
“Lakin Estoniya ərazisində bizə qarşı yönəlmiş nüvə silahları yerləşdirilərsə, o zaman bizim nüvə silahlarımız da Estoniya torpaqlarını hədəf alacaq. Estoniya bunu açıq şəkildə anlamalıdır”, – deyə Peskov bildirib.
O əlavə edib ki, Rusiya, xüsusilə nüvə caydırıcılığı məsələlərində, öz təhlükəsizliyini təmin etmək üçün hər zaman zəruri addımları atacaq.
Xatırladaq ki, Estoniyanın xarici işlər naziri Margus Tsaxkna daha əvvəl NATO-nun müdafiə planları çərçivəsində zəruri hesab olunarsa, Estoniya ərazisində nüvə silahlarının yerləşdirilməsinə qarşı olmadıqlarını açıqlamışdı.
















