ABŞ, İsrail və İran arasında fevralın 28-də başlayan müharibə 24-cü gününə çatdığı bir vaxtda, bölgədəki hərbi gərginlik enerji bazarlarına da ciddi təsir göstərir. Qarşılıqlı hücumlar və enerji xətlərinə yönələn təhdidlər qlobal tədarük zəncirini sarsıdır, beynəlxalq qurumlar isə ard-arda xəbərdarlıqlar edir.
Çağdaş.Az-ın xəbərinə görə, Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol bildirib ki, mövcud böhran təkcə neft və qazla məhdudlaşmır, daha geniş miqyasda qlobal iqtisadiyyata ciddi təhlükə yaradır. O, Kanberra şəhərində yerləşən Milli Mətbuat Klubunda çıxışı zamanı qeyd edib ki, hazırkı vəziyyət əvvəlki böyük enerji böhranları ilə müqayisə edilə biləcək səviyyədədir.
Birol bildirib ki, baş verənlər 1970-ci illərin neft böhranları və 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra yaranan enerji problemləri ilə müqayisə oluna bilər. Lakin hazırkı vəziyyətin daha geniş və mürəkkəb olduğunu vurğulayıb.
Onun sözlərinə görə, yalnız neft və təbii qaz deyil, eyni zamanda neft-kimya məhsulları, gübrə, kükürd və helium kimi kritik sahələr də bu prosesdən ciddi şəkildə təsirlənir. Bu isə qlobal ticarətdə ciddi pozuntulara səbəb olur. Birol qeyd edib: “Bu böhran iki neft böhranı ilə bir qaz böhranının birləşmiş formasıdır.”
Enerji təchizatında baş verə biləcək kəsintilərin dünya iqtisadiyyatına dərin təsir göstərəcəyini vurğulayan Birol bildirib ki, mövcud vəziyyət bütün ölkələr üçün risk yaradır. Onun sözlərinə görə, böhran bu şəkildə davam edərsə, heç bir ölkə bu təsirlərdən kənarda qala bilməyəcək.
O, həmçinin beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edərək, problemin həlli üçün qlobal səviyyədə birgə addımların atılmasının zəruri olduğunu vurğulayıb.


