İsrail Livana qarşı hücumlardan sonra işğalı rəsmi şəkildə elan edib. İsrailin müdafiə naziri Yisrael Katz bildirib ki, İsrail sərhəddinə yaxın yerləşən Livan kənd və qəsəbələrindəki bütün evlər dağıdılacaq.
Çağdaş.Az xəbə verir ki, İsrailin müdafiə naziri İsrael Katz Livanın cənubunda davam edən quru əməliyyatları fonunda bu bölgəni işğal altında saxlayacaqlarını açıqlayıb.
Katz Livanda həyata keçirdikləri quru hücumları ilə bağlı açıqlamasında qeyd edib ki, İsrail sərhəddinə yaxın kənd və qəsəbələrdəki bütün evlər məhv ediləcək.
O bildirib ki, İsrail ordusu Livanın cənubunda mövqe tutaraq işğalı davam etdirəcək və Litani çayına qədər olan əraziyə nəzarət edəcək.
Katz vurğulayıb ki, Livanın cənubundan köçkün düşmüş 600 mindən çox sakinin geri qayıtmasına icazə verilməyəcək. O əlavə edib ki, sərhəd bölgələrində Qəzza zolağında həyata keçirilən dağıntılara bənzər addımlar atılacaq.
Nazir həmçinin İsrail ordusunun Rafah və Beit Hanoun şəhərlərində apardığı əməliyyatların Livan sərhədində də tətbiq ediləcəyini bildirib.
İsrail ordusu martın 2-də verdiyi açıqlamada Livandan raket atıldığını müəyyən etdikdən sonra ölkənin şimalında hava hücumu siqnallarının işə düşdüyünü bildirmişdi.
Daha sonra İsrail Livan ərazisi üzrə, o cümlədən paytaxt Beyrut istiqamətində hava hücumlarına başladığını açıqlayıb. Hava və dənizdən həyata keçirilən intensiv zərbələr fonunda quru əməliyyatlarının genişləndirilməsi qərara alınıb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən bu yana İsrailin hücumları nəticəsində 1247 nəfər həyatını itirib.
Livan hökumətinə bağlı Fövqəladə Halların İdarə Olunması qurumu isə İsrailin hücumları və işğalı səbəbilə ölkədə məcburi köçkünlərin sayının rəsmi olaraq 1 milyon 162 mini keçdiyini açıqlayıb.


