Son dəqiqə

Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreynə yeni hücumlar

Dünya

Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn yeni raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarına məruz qaldıqlarını açıqlayıb.

Çağdaş.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı başladılan müharibənin daha 2-3 həftə davam edəcəyini bildirməsinin ardından bölgədə gərginlik davam edir. İran tərəfindən, ABŞ hərbi mövcudluğuna ev sahibliyi edən Körfəz ölkələrinə qarşı yeni cavab hücumları həyata keçirildiyi bildirilir.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyindən verilən məlumata görə, gecə ərzində ən azı bir PUA hücumunun qarşısı alınıb.

Küveyt ordusu isə yeni raket və PUA hücumları səbəbilə hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb. Rəsmi bəyanatda qeyd olunub: “Eşidilən partlayış səsləri düşmən hədəflərinin zərərsizləşdirilməsi ilə bağlı həyata keçirilən əməliyyatların nəticəsidir. Hər kəsi səlahiyyətli qurumların yaydığı təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq.”

Bəhreyn Daxili İşlər Nazirliyi də yeni hücumlarla əlaqədar bir çox bölgədə xəbərdarlıq siqnallarının səsləndiyini bildirib. Açıqlamada vətəndaşlara və bölgə sakinlərinə panikaya düşməmək, ən yaxın təhlükəsiz yerlərə sığınmaq tövsiyə olunub.

Son hücumlar nəticəsində yaralanan və ya həyatını itirənlərin olub-olmadığı barədə hələlik rəsmi məlumat verilməyib./Haberglobal/