Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Vaşinqtonun məsuliyyətsiz açıqlamaları yalnız onun hegemon mahiyyətini üzə çıxarır.
Çağdaş.Az xəbər verir ki, onun sözlərinə görə, ABŞ Panama Kanalının neytral statusunu açıq şəkildə birtərəfli təzyiqlərlə sarsıdır və irəli sürdüyü əsassız ittihamlar yalnız öz hegemon davranışını gizlətmək məqsədi daşıyır.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Marko Rubio Panamanın Honkonq şirkəti “CK Hutchison” ilə kanal terminallarının idarəsinə dair imtiyaz müqavilələrini ləğv etməsini dəstəkləmişdi. Fevral ayında Panama bu terminalları dövlət nəzarətinə keçirmiş və bu addım Çinin sərt etirazına səbəb olmuşdu. Rubio isə Çini Mərkəzi Amerika ölkəsinə iqtisadi vasitələrlə təzyiq göstərməkdə ittiham etmişdi.
Mao Ning mətbuat konfransında bildirib: “ABŞ tərəfinin açıqlamaları tamamilə əsassızdır və faktları təhrif edir. ABŞ-ın məsuliyyətsiz bəyanatları onun hegemon mahiyyətini açıq şəkildə göstərir. Əslində, birtərəfli təzyiq və məcburiyyət yolu ilə Panama Kanalıın neytral statusunu kim pozur və ədalətli qlobal rəqabət qaydalarını kim pozur?”
O əlavə edib ki, Çin öz qanuni hüquq və maraqlarını qətiyyətlə müdafiə etməyə davam edəcək.
ABŞ prezidenti Donald Tramp isə dəfələrlə bəyan edib ki, Vaşinqton Panama Kanalı üzərində nəzarəti bərpa etmək niyyətindədir. O, Çinin bu strateji su yolundakı kommersiya fəaliyyətini ABŞ-ın təhlükəsizlik və ticarət maraqları üçün təhdid kimi qiymətləndirib.


