Böyük Britaniya Rusiya gəmilərini saxlamamaq qərarını beynəlxalq dəniz hüququnu pozmaq riskinə görə verir. Bu barədə The Daily Telegraph qəzeti məlumat yayıb.
Çağdaş.Az xəbər verir ki, Qəzetin yazdığına görə, beynəlxalq hüquq normaları xarici gəminin yoxlanılması üçün dövlətlər qarşısında yüksək hüquqi tələblər qoyur. Rəsmilər hər belə əməliyyat üçün hüquqi əsas təqdim etməli və gəminin Britaniya sanksiyalarından yayınmağa çalışdığını sübut etməlidirlər.
Məlumata əsasən, İngiltərə və Uels üzrə baş prokuror Riçard Hermer belə bir rəy verib ki, Britaniyanın xüsusi təyinatlı qüvvələri və Milli Cinayət Agentliyi Rusiya gəmilərinə minə bilər.
Martın 25-də Böyük Britaniyanın Baş naziri Kir Starmer ordunun ölkə sularında “kölgə donanması”na aid hesab edilən gəmiləri saxlamasına icazə verib. Starmerin ofisinin açıqlamasına görə, belə gəmilər saxlanıldıqdan sonra onların sahibləri, operatorları və heyəti barəsində Britaniya sanksiyalarını pozduqlarına görə cinayət işi açıla bilər.
Qeyd olunub ki, hər bir gəmi üzrə fərdi yanaşma tətbiq ediləcək. Ümumilikdə Böyük Britaniya Rusiyaya aid olduğu iddia edilən “kölgə donanması”na daxil 544 gəmiyə sanksiya tətbiq edib.
Londondakı Rusiya səfirliyi isə bu addımları düşmənçilik kimi qiymətləndirib. Aprelin 9-da diplomatik nümayəndəlik bəyan edib ki, əgər bu təhdidlər real addımlara çevrilərsə, “bunun nəticələri olacaq.”
















