Son dəqiqə

ABŞ–İran danışıqları fiasko ilə bitdi: Rusiya oyuna girdi, Kremldən sürpriz təklif

Dünya

ABŞ ilə İran arasında aparılan və nəticəsiz başa çatan danışıqlardan sonra Rusiyadan diqqətçəkən təklif gəlib. Kreml gələcək mümkün sülh razılaşmasının bir hissəsi kimi İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazır olduğunu açıqlayıb.

Çağdaş.Az xarici KİV-ə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, bu təklif Rusiya Prezidenti Vladimir Putin tərəfindən həm ABŞ, həm də region ölkələri ilə aparılan danışıqlarda səsləndirilib.

“Bu təklif həm ABŞ, həm də region ölkələri ilə təmaslarda cənab Putin tərəfindən irəli sürülüb. Təklif hələ də qüvvədədir, lakin indiyədək həyata keçirilməyib”, – deyə Peskov qeyd edib.

Mütəxəssislər hesab edir ki, bu addım İranın nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqları azaltmağa yönəlmiş mümkün razılaşmanın tərkib hissəsi ola bilər.

İsrail mediasında yayılan məlumatlara görə, İslamabadda keçirilən danışıqlarda ABŞ müəyyən güzəştlərə hazır olduğunu bildirib. Vaşinqtonun dondurulmuş aktivlərin bir hissəsini azad etməyə və hücumları dayandırmağa razı olduğu iddia edilir.

Bunun müqabilində ABŞ-ın İrandan uranın zənginləşdirilməsi fəaliyyətini 20 il müddətinə dayandırmağı, zənginləşdirilmiş uranı ölkə xaricinə çıxarmağı və Hörmüz boğazında maneəsiz gəmiçilik hüququnun təmin edilməsini tələb etdiyi bildirilir.

ABŞ-ın vitse-prezidenti JD Vans İranla birbaşa danışıqların razılaşma əldə olunmadan başa çatdığını açıqlayıb.

“21 saatdır bu məsələ üzərində işləyirik və İran tərəfi ilə bir sıra mühüm görüşlər keçirmişik. Bu müsbət haldır. Lakin razılıq əldə olunmaması mənfi tərəfdir. Düşünürəm ki, bu, İran üçün daha böyük itkidir”, – deyə Vens bildirib.

İran mediası isə danışıqların uğursuzluğunu ABŞ-ın “həddindən artıq tələbləri” ilə izah edib. Tehranın bu tələbləri qəbul etmədiyi və tərəflər arasında ciddi fikir ayrılıqlarının qaldığı vurğulanır.

Rusiya tərəfindən irəli sürülən uran təklifi isə tərəflər arasında yeni danışıqlar mərhələsinin başlayıb-başlamayacağı sualını gündəmə gətirib.