ABŞ Prezidenti Donald Tramp İranla bağlı müharibə məsələsində mövqeyinə görə İtaliyanın Baş naziri Giorgia Melonini sərt tənqid edib.
Çağdaş.Az xəbər verir ki, Tramp “Corriere della Sera” nəşrinə verdiyi müsahibədə bildirib: “Onunla bağlı şokdayam. Düşünürdüm ki, cəsarətlidir, amma yanılmışam”.
Müsahibə Meloninin Trampın Papa XIV Leoya yönəlmiş tənqidlərini “qəbuledilməz” adlandırmasından bir gün sonra yayımlanıb. Papa Yaxın Şərqdə müharibənin dayandırılması ilə bağlı dəfələrlə çağırış edib.
Tramp bildirib ki, Meloni İranın nüvə silahına sahib olmasına qarşı sərt mövqe tutmur: “Ona görə qəbuledilməzdir ki, İranın nüvə silahına sahib olmasına etiraz etmir və imkan tapsa, İtaliyanı iki dəqiqəyə məhv edə bilər”.
2022-ci ilin oktyabrından İtaliyaya rəhbərlik edən Meloni əvvəllər Trampın Avropadakı əsas müttəfiqlərindən biri hesab olunurdu və ABŞ ilə Avropa arasında vasitəçi rolunu oynamağa çalışırdı. Lakin Tramp bildirib ki, onlar son vaxtlar əlaqə saxlamayıblar və Meloni NATO çərçivəsində ABŞ-a kifayət qədər dəstək vermir.
O əlavə edib: “O, nüvə silahına sahib İranın qarşısını almaqda bizə kömək etmək istəmir. Çox üzücüdür… Düşündüyümdən tam fərqlidir”.
Tramp həmçinin NATO-nu “kağız pələng” adlandırıb və Avropa ölkələrini ümumilikdə Hörmüz boğazı uğrunda mübarizə aparmaq istəməməkdə ittiham edib.
İtaliya Xarici İşlər Naziri Antonio Tajani Meloniyə dəstəyini ifadə edərək bildirib ki, Qərb birliyi qarşılıqlı hörmət və sadiqlik üzərində qurulmalıdır.
Mərkəz-sol Demokrat Partiyasının lideri Elly Schlein isə Trampın açıqlamalarını “ciddi hörmətsizlik” kimi qiymətləndirib və əlavə edib ki, İtaliya Konstitusiyasına görə ölkə müharibəni rədd edir.
Bu arada, İtaliya hökuməti İsrail ilə hərbi texnologiya və avadanlıq mübadiləsini nəzərdə tutan müdafiə sazişinin avtomatik uzadılmasını dayandırıb.
Son günlər Livanda italyan sülhməramlılarının olduğu kalonun İsrail qüvvələri tərəfindən xəbərdarlıq atəşinə tutulması ilə bağlı ittihamlardan sonra Roma ilə Təl-Əviv arasında gərginlik artıb.
















