ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın aprelin sonuna qədər əldə oluna biləcəyini istisna etməyib.
Cagdas.az xəbər verir ki, bu barədə o, “Sky News”a müsahibədə bildirib.
“Bu mümkündür. Çox mümkündür. Onlar kifayət qədər ağır zərbə alıblar. Bu, çox mümkündür”, – deyə ABŞ lideri bildirib.
O, bu fikirləri Böyük Britaniya kralı III Çarlzın ABŞ-yə dövlət səfəri ərəfəsində İranla razılaşma ehtimalı ilə bağlı sualı cavablandırarkən səsləndirib. Səfərin aprelin 27-də başlaması planlaşdırılır.
Aprelin 11-də İran və ABŞ nümayəndə heyətləri İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. İran tərəfinə parlament sədri Məhəmməd Bağır Qalibaf, ABŞ tərəfinə isə vitse-prezident C.D. Vens rəhbərlik edib.
Görüşlərdən sonra tərəflər arasında bir sıra fikir ayrılıqlarının qaldığı və bu səbəbdən münaqişənin uzunmüddətli həlli üzrə razılığın əldə olunmadığı bildirilib. Yeni danışıqlar raundunun vaxtı və detalları hələlik açıqlanmayıb(sfera.az)
















