Livan ilə İsrail arasında əldə olunan 10 günlük müvəqqəti atəşkəs qüvvəyə minib. Atəşkəsin başlamasından sonra minlərlə livanlı ailə evlərinə qayıtmağa başlayıb.
Çağdaş.Az xəbər verir ki, Binyamin Netanyahu atəşkəsi qəbul etdiyini açıqlasa da, İsrail qüvvələrinin Livan ərazisindən geri çəkilməyəcəyini bildirib.
Yerli vaxtla gecə saat 00:00-dan etibarən qüvvəyə minən atəşkəsdən sonra yolların bərpasına başlanılıb, buldozer və digər texnikalar dağıdılmış keçidləri təmir edib.
Döyüşlər səbəbindən didərgin düşmüş minlərlə livanlı ailə, rəsmi qurumların cənuba getməmək barədə xəbərdarlıqlarına baxmayaraq, evlərinə dönmək ümidi ilə yola düşüb. Yolların qismən bərpasından sonra insanlar böyük dağıntılara baxmayaraq kənd və qəsəbələrinə qayıtmağa başlayıblar.
Livanın cənubuna gedən əsas magistral yolda uzun avtomobil karvanları yaranıb. Ailələr əşyalarını maşınlara yükləyərək ölkənin cənub istiqamətinə hərəkət ediblər.
Xüsusilə Qasmiyeh körpüsü üzərində aparılan təmir işlərindən sonra onlarla ailə bu körpüdən keçərək yollarına davam edib. Bu körpü İsrailin hücumları nəticəsində zərər görən cənub bölgəsini ölkənin digər hissələri ilə birləşdirən son keçidlərdən biri hesab olunur.
















