Azərbaycanda plastik və digər bərk məişət tullantılarının idarə olunması hələ də aktual ekoloji problemlərdən biri olaraq qalır.
Cagdas.az -ın Dövlət Statistika Komitəsi (DSK) ünvanladığı sorğuya verilən rəsmi cavab ölkədə tullantıların real miqyasını və idarəetmə vəziyyətini ortaya qoyur.
Rəsmi statistikaya görə, 2024-cü ilin əvvəlindən ölkə üzrə 8 464,2 min kubmetr məişət tullantısı yaranıb. Diqqətçəkən məqam isə poliqonlara daşınan tullantıların həcminin daha yüksək – 10 153,3 min kubmetr olmasıdır. Bu fərq əvvəlki illərdən qalan tullantıların da aktiv şəkildə zibilliklərə daşındığını göstərir.
Tullantıların təkrar emalı sahəsində müəyyən irəliləyişlər də qeydə alınıb. Belə ki, ilin əvvəlindən 48 007,3 ton kağız və karton tullantısı yenidən emala cəlb olunaraq yeni məhsul istehsalında istifadə edilib. Plastik sahəsində isə istehsal prosesində yaranan bəzi qalıqların, xüsusilə polietilen boru və fitinq istehsalından çıxan tullantıların təkrar xammal kimi dəyərləndirildiyi bildirilir.
Bununla yanaşı, kənd təsərrüfatı və emal sənayesində də ciddi tullantı həcmləri mövcuddur. Kənd təsərrüfatında yaranan 95 554,7 ton tullantının yalnız 35 891,4 tonu poliqonlara göndərilib, qalan hissəsi isə gübrə və digər məqsədlərlə istifadə olunub. Emal sənayesində isə pambıqtəmizləmə prosesindən 52 963,4 ton, şəkər istehsalından isə 25 118,8 ton tullantı yaranıb.
Rəqəmlər göstərir ki, tullantıların zərərsizləşdirilməsində əsas yük hələ də poliqonların üzərinə düşür. Məsələn, tibbi tullantıların demək olar ki, hamısı – 1 251,8 ton xüsusi zərərsizləşdirmə məntəqələrinə yönləndirilir. Digər tərəfdən, qara metal tullantılarının 452 737,0 tonu istifadə olunaraq təkrar dövriyyəyə qaytarılıb.
Kağız və metal sahəsində əldə olunan nəticələr plastik tullantıların idarə olunmasında da tətbiq olunarsa, həm ekoloji risklər azala, həm də iqtisadi baxımdan əlavə dəyər yaradıla bilər.
Məlumatlar onu göstərir ki, “tullantıdan qazanc” modeli Azərbaycanda hələ tam potensialına çatmayıb və xüsusilə plastik tullantıların təkrar emal səviyyəsinin artırılması yaxın illərdə əsas prioritetlərdən biri olaraq qalacaq.(sfera.az)
















