Son dövrlərdə smartfon istifadəçiləri telefonlarının yuxarı hissəsində görünən yaşıl nöqtəyə daha çox diqqət yetirirlər. Bu sadə, lakin əhəmiyyətli işarə cihazın təhlükəsizliyini və məxfiliyini qorumağa yönəlmiş xəbərdarlıq sistemidir. Yaşıl nöqtə kameranın və ya mikrofonun aktiv olduğunu göstərən bir təhlükəsizlik siqnalıdır. Bu, xüsusilə tətbiqlərin arxa planda kameraya və ya mikrofona daxil olması halında işə düşür.
Cagdas.az xəbər verir ki, smartfonlardakı yaşıl nöqtə yalnız sadə bir bildiriş deyil.
Bu, istifadəçilərə cihazın hansı aparatının aktiv olduğunu dərhal göstərir. Məsələn, videozəng zamanı və ya videoçəkiliş edildikdə bu nöqtə ekranın yuxarı panelində görünür. Bu, istifadəçilərə cihazın məxfiliyi və təhlükəsizliyinə dair əlavə məlumat verir. “Android 12” və sonrakı versiyalarda yaşıl nöqtə kamera açıldıqda, videozəng başladıqda və ya videoçəkiliş edildikdə ekranda görünür. Həmçinin arxa planda çalışan tətbiqlər kameraya və ya mikrofona daxil olduqda da istifadəçini xəbərdar edir. “iPhone” istifadəçiləri isə “iOS 14” və sonrakı versiyalarda oxşar sistemlə qarşılaşırlar.
Burada həm kamera, həm də mikrofon istifadəsi zamanı yaşıl nöqtə görünür, yalnız mikrofon istifadə edildikdə isə ekranda narıncı nöqtə yer alır. İstifadəçilər İdarəetmə Mərkəzində tətbiqlərin kameraya və ya mikrofona hansı giriş icazələrinə malik olduğunu görə bilərlər. Bu təhlükəsizlik göstəricisi həm “Android”, həm də “iOS” əməliyyat sistemlərində tamamilə deaktiv edilə bilməz. Sistem istifadəçi məxfiliyini qorumaq üçün daim aktiv qalır. Lakin istifadəçilər tətbiqlərin kamera və mikrofon icazələrini əl ilə idarə edə bilərlər. “Android” cihazlarda bu, “Parametrlər > Məxfilik” və ya “Tətbiqlər” bölməsindən, “iPhone”da isə “Parametrlər > Məxfilik və Təhlükəsizlik” vasitəsilə tənzimlənə bilər. Bu sistem smartfon istifadəçilərinin məxfiliyini qorumağa yönəlmiş vacib təhlükəsizlik addımıdır və onun işləyişi istifadəçinin daha çox məlumat əldə etməsinə imkan tanıyır.(sfera.az
















