Hantaviruslar adi siçan və siçovulların daşıyıcısı olduğu geniş bir virus ailəsidir və yoluxma üçün heyvanla birbaşa təmas vacib deyil.
Çağdaş.Az xəbər verir ki, “Yekaterininskaya Klinikası”nın infeksionisti Natalya Şvedova virusun əsas təhlükələri barədə “Lenta.ru” saytına ətraflı məlumat verib.
Həkimin sözlərinə görə, qaraj, zirzəmi və ya bağ evində təmizlik işləri apararkən gəmiricilərin qurumuş ifrazatlarının tozunu udmaq virusa yoluxmaq üçün kifayətdir.
Eyni zamanda, gəmiricilərin təmasda olduğu qidaların istehlakı da ciddi risk yaradır. Rusiya və Avropada bu virus daha çox böyrək sindromlu hemorragik qızdırmaya səbəb olur ki, bu da damarları parçalayan və böyrəkləri sıradan çıxaran ağır bir xəstəlikdir.
Natalya Şvedova qeyd edib ki, virusun ən böyük təhlükəsi onun gizli dövrünün uzun olmasıdır: “İnkubasiya dövrü bir aya qədər davam edə bilər, ilk simptomlar isə adi qriplə asanlıqla qarışdırılır. Əgər xəstəlik soyuqdəymə hesab edilib həkimə vaxtında müraciət olunmazsa, bir neçə gündən sonra vəziyyət kritikləşə bilər. Bu qızdırmadan ölüm göstəricisi 40 faizə çatır”.
Hazırda hantavirusa qarşı peyvənd yoxdur və spesifik müalicə imkanları olduqca məhduddur. Mütəxəssis qidaları gəmiricilərdən qorumağı, meyvə-tərəvəzi yaxşı yumağı və təmizlik zamanı mütləq respirator maskadan istifadə etməyi tövsiyə edir.
Məlumata görə, xəstəlik yalnız gəmiricidən insana keçir, insandan insana yoluxma halı müşahidə olunmur./Musavat.com















