Nigeriyada ölümcül Lassa qızdırması səbəbindən həyatını itirənlərin sayı 190-a çatıb.
Çağdaş.Az Referans Media-ya istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ölkənin müxtəlif ştatlarında yayılan Lassa qızdırması ilə bağlı ölüm göstəriciləri narahatedici həddə yüksəlib. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölüm faizi 19,1%-dən 25,2%-ə yüksəlib.
Qeyd olunub ki, yeni yoluxma hallarının sayında müəyyən azalma müşahidə edilsə də, xəstələrin gec müraciət etməsi və səhiyyə işçiləri arasında yoluxmaların qeydə alınması ciddi narahatlıq yaradır.
Mütəxəssislər bildirirlər ki, Lassa qızdırması əsasən siçan və digər gəmiricilərin ifrazatı ilə təmas nəticəsində insana keçir. Xəstəliyin insandan insana yoluxma riski də mövcuddur.
Rəsmilər əhaliyə gəmiricilərlə təmasdan uzaq durmaq, gigiyena qaydalarına ciddi əməl etmək və xəstəlik əlamətləri müşahidə olunduqda dərhal tibb müəssisələrinə müraciət etmək çağırışı ediblər.
















