Qətər rəsmi şəkildə bəyan edib ki, İrana Vaşinqtonla münaqişənin nizamlanmasına dair saziş bağlamaq üçün hər hansı bir maliyyə vəsaiti təklif olunmayıb.
Cagdas.az xəbər verir ki, ölkənin baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari Qətərin İrana guya 12 milyard dollar təklif etməsi barədə yayılan məlumatları qəti şəkildə təkzib edib.
Diplomatın sözlərinə görə, bu növ iddialar tamamilə reallıqdan uzaqdır.
O qeyd edib ki, oxşar dezinformasiyalar danışıqlar prosesini pozmağa, həmçinin regionda gərginliyin azaldılmasına yönəlmiş diplomatik səylərə kölgə salmağa çalışan qüvvələr tərəfindən qəsdən yayılır.
Qeyd edək ki, bundan əvvəl “Iran International” telekanalı öz mənbələrinə istinadən İranın ABŞ ilə danışıqları davam etdirmək üçün ilkin şərt irəli sürdüyünü xəbər verib. İddia olunurdu ki, Tehran Qətər hesablarında dondurulmuş 12 milyard dollarlıq aktivlərinin dərhal sərbəst buraxılmasını tələb edib.
Daha sonra isə sosial şəbəkələrdə Qətərin sözügedən məbləği İrana öz şəxsi vəsaiti hesabından ödəməyə hazır olduğu barədə şayiələr yayılıb.(Musavat.com)
















