Rusiya İsrailin Livana qarşı həyata keçirdiyi hərbi əməliyyatları kəskin şəkildə qınayaraq İsrail qoşunlarının Livan ərazisindən dərhal çıxarılmasını tələb edib.
Çağdaş.Az bildirir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasily Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, Moskva Livanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə sadiq qalır.
“Biz İsrailin təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyirik, Livanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik. Həmçinin İsrail qoşunlarının Livan torpaqlarından dərhal çıxarılmasını tələb edirik. Bu olmadan həqiqi atəşkəsin əldə olunması mümkün deyil”, – deyə Nebenzya vurğulayıb.
Xatırladaq ki, mayın 29-da İsrailin Baş naziri Benjamin Netanyahu İsrail ordusunun Livanın cənubunda bir neçə istiqamətdə Litani çayını keçdiyini və artıq çayın şimalında əməliyyatlar apardığını açıqlamışdı.
Netanyahu həmin bölgələrdə İsrail qüvvələrinin “çox təsirli nəticələr əldə etdiyini” iddia etmişdi.
Son günlər İsrail-Livan sərhədində gərginliyin yenidən artması beynəlxalq ictimaiyyətdə narahatlıq doğurur. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfləri eskalasiyadan çəkinməyə və atəşkəs razılaşmalarına əməl etməyə çağırır.
















