Pankreas xərçənginin müalicəsində illərdir gözlənilən böyük irəliləyiş əldə olunub. ABŞ-də keçirilən Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) illik toplantısında təqdim edilən yeni tədqiqat nəticələri onkologiya dünyasında böyük rezonans doğurub. Tədbirdə iştirak edən mütəxəssislər nəticələri ayaqüstə alqışlayıblar.
Cagdas.az xəbər verir ki, məlumata görə, eksperimental və ağızdan qəbul edilən Daraxonrasib adlı dərman inkişaf etmiş mərhələli metastatik pankreas xərçəngi xəstələrində ölüm riskini təxminən 60 faiz azaldıb.
Faza “3 RASolute 302” klinik sınağında dərman standart kimyaterapiya ilə müqayisədə əhəmiyyətli üstünlük nümayiş etdirib.
Araşdırmaya 500 xəstə cəlb olunub. Nəticələr göstərib ki, Daraxonrasib qəbul edən xəstələrin orta ümumi sağqalma müddəti 13,2 aya çatıb. Standart kimyaterapiya alan xəstələrdə isə bu göstərici 6,6-6,7 ay olub. Beləliklə, yeni preparat sağqalma müddətini demək olar ki, iki dəfə artırıb.
Mütəxəssislərin sözlərinə görə, dərman “KRAS” genindəki mutasiyaları hədəf alır. Bu mutasiyalar pankreas xərçəngi hallarının 90 faizindən çoxunda müşahidə olunur və uzun illər “müalicə edilə bilməyən” hədəf hesab edilirdi. Daraxonrasib isə RAS(ON) çoxseçimli inhibitoru kimi fəaliyyət göstərərək xərçəng hüceyrələrinin böyüməsini dayandırmağa kömək edir. (sfera.az)
















