Son dəqiqə

“Dəfn pulunu almaq çətinləşir”

Cəmiyyət

İşlə təmin olunmaq istəyən şəxslər Milli Məclisin deputatlarına müraciət edir, deputatlar isə öz növbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlayırlar. Nazirlik müvafiq tədbirlər görsə də, bəzi hallarda şirkətlər vətəndaşları işə qəbul etmirlər.

Cagdas.az  xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov  Milli Məclisdə 2027-ci ilin Sosial Müdafiə Fondunun müzakirəsində çıxışı zamanı bildirib.

Ceyhun Məmmədov hesab edir ki, bu istiqamətdə prosesin sonadək izlənilməsi və əlavə nəzarət mexanizmlərinin tətbiqi vacibdir. Onun sözlərinə görə, belə bir yanaşma şirkətlərin məsələyə daha həssas münasibət göstərməsinə şərait yarada bilər.

Deputatın diqqət çəkdiyi digər məsələ dəfn pulu ilə bağlı olub. O, bu il dəfn üçün ayrılan vəsaitin əhəmiyyətli dərəcədə artırılmasını imkansız ailələrə mühüm dəstək kimi qiymətləndirib. Bununla belə, müavinətin alınması prosesinin uzun çəkdiyini, çoxsaylı sənədlərin tələb olunduğunu bildirib.

C.Məmmədov dəfn pulunun alınması prosedurunun sadələşdirilməsini və rəqəmsallaşdırılmasını təklif edib. O vurğulayıb ki, ölkədə rəqəmsal hökumət quruculuğunun sürətlə həyata keçirildiyi bir vaxtda bu prosesin də avtomatlaşdırılması məqsədəuyğun olardı.

Çıxışında ailə institutunun mövcud vəziyyətinə də toxunan deputat son dövrlər doğulan uşaqların sayında azalma, boşanmaların sayında artım və gənclərin nikaha marağının zəifləməsi kimi tendensiyaların narahatlıq doğurduğunu söyləyib.

O, boşanmaların qarşısının alınması, gənc ailələrin qorunması və gənclərin ailə qurmağa təşviq edilməsi məqsədilə əlavə dəstək mexanizmlərinin hazırlanmasının vacibliyini vurğulayıb.

Deputat uşaqların sağlam qidalanması məsələsinin də diqqətdə saxlanılmalı olduğunu bildirib. Onun fikrincə, maarifləndirmə tədbirləri ilə yanaşı, uşaqların sağlam qidalanmasının təmin olunması üçün gənc ailələrə əlavə dəstək mexanizmləri tətbiq edilməlidir.

Ceyhun Məmmədov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri və yaradılan yeni müəssisələrin əhəmiyyətini də qeyd edib. O bildirib ki, həmin ərazilərdə əhalinin məşğulluğunun təmin edilməsi qarşıdakı illərin əsas prioritetlərindən biri olmalıdır.