Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun əsas sessiyasında çıxışı zamanı Ukrayna müharibəsi, sülh danışıqları və ABŞ siyasəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Çağdaş.Az xəbər verir ki, Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin ona ünvanladığı açıq məktuba münasibət bildirərək, həmin məktubdakı ifadələrin diplomatik təmasların inkişafına xidmət etmədiyini deyib.
“Bu, üzbəüz görüşlər və danışıqlar üçün şərait yaratmaq üsuludur, yoxsa ümumiyyətlə heç bir görüşün mümkün olmayacağı mühit formalaşdırmaq cəhdidir?” – deyə Rusiya lideri bildirib.
Zelenski ilə mümkün görüş ehtimalı barədə suala cavab verən Putin indiki şəraitdə belə bir təmasın məqsədəuyğun olmadığını vurğulayıb.
“Hazırda bunun hər hansı bir mənasını görmürəm”, – deyə o qeyd edib.
Putin həmçinin iddia edib ki, bir rusiyalı iş adamı vasitəsilə Zelenski onunla görüşmək istədiyini çatdırıb.
Rusiya lideri müharibənin gedişi ilə bağlı danışarkən Moskvanın Donbas bölgəsi ilə bağlı məqsədlərindən imtina etməyəcəyini bildirib.
Onun sözlərinə görə, Rusiya qüvvələri Donbasın tam nəzarətə götürülməsi istiqamətində irəliləyişlərini davam etdirirlər.
Putin ABŞ Prezidenti Donald Tramp ilə münasibətlərinə də toxunaraq, əlaqələrinin qarşılıqlı hörmətə əsaslandığını bildirib.
O, Trampın 2020-ci il seçkilərindən sonra hakimiyyətdə qalacağı təqdirdə Ukrayna böhranının fərqli istiqamətdə inkişaf edə biləcəyini iddia edib.
“Bəlkə də bu hadisələr baş verməzdi. Ola bilsin ki, o, münaqişənin sülh yolu ilə həlli üçün daha çox səy göstərərdi”, – deyə Putin qeyd edib.
Putin Rusiyanın Ukraynadakı məqsədlərindən biri kimi təqdim etdiyi “denasifikasiya” siyasətinə də toxunub. O bildirib ki, bu hədəfin müəyyən hissəsi danışıqlar yolu ilə həyata keçirilə bilər və Moskva bu məsələdə beynəlxalq ictimaiyyətin dəstəyinə ümid edir.
Rusiya Prezidenti əlavə edib ki, Moskva uzun müddət Ukrayna böhranının həlli üçün diplomatik vasitələrə üstünlük verib. Onun sözlərinə görə, Minsk razılaşmalarının münaqişənin dayandırılması məqsədilə hazırlanmış ən mühüm təşəbbüslərdən biri olub.
Putinin bu açıqlamaları Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və tərəflər arasında sülh danışıqlarının perspektivinin müzakirə olunduğu bir vaxtda səsləndirilib./Haber Global/
















