Azərbaycanda sürücülük vəsiqəsinin yenilənməsi zamanı yuxarı yaş həddinin olub-olmaması və ahıl yaşda olan sürücülər üçün əlavə tələblərin tətbiqi məsələsi vaxtaşırı müzakirə olunan mövzulardan biridir. Xüsusilə yaşlı sürücülərin daha tez-tez tibbi müayinədən keçirilməsinin yol hərəkəti təhlükəsizliyinə təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Cagdas.az xəbər verir ki mövzu ilə bağlı Referans Media-ya açıqlama verən hüquqşünas Xəyal Məmmədov bildirib ki, Azərbaycan qanunvericiliyində sürücülük vəsiqəsi almaq və ya onu yeniləmək üçün yuxarı yaş həddi müəyyən edilməyib.
Onun sözlərinə görə, məsələ “Yol hərəkəti haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir:
“Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinə əsasən, sürücülük vəsiqəsi üçün yuxarı yaş həddi nəzərdə tutulmur. Lakin 60 yaşdan yuxarı şəxslər üçün vəsiqənin etibarlılıq müddəti qısaldılır və onlar daha tez-tez tibbi müayinədən keçirlər. Bu, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş qanuni mexanizmdir”.
Hüquqşünas qeyd edib ki, qanunvericiliyin əsas məqsədi vətəndaşların yaşına görə hüquqlarını məhdudlaşdırmaq deyil, onların sağlamlıq vəziyyətinin nəqliyyat vasitəsini təhlükəsiz idarə etməyə imkan verib-vermədiyini müəyyənləşdirməkdir.
Onun sözlərinə görə, yaşlı sürücülərin müəyyən dövrlərdə tibbi müayinədən keçirilməsi həm onların öz təhlükəsizliyi, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
X.Məmmədov vurğulayıb ki, hazırda qüvvədə olan qaydalar yaşlı sürücülər üçün əlavə nəzarət mexanizmi rolunu oynayır və bu yanaşma yol hərəkəti təhlükəsizliyinin artırılmasına xidmət edir.
Beləliklə, Azərbaycan qanunvericiliyində sürücülük vəsiqəsinin yenilənməsi üçün yuxarı yaş həddi olmasa da, 60 yaşdan yuxarı şəxslər üçün tətbiq edilən daha qısa etibarlılıq müddəti və mütəmadi tibbi müayinələr təhlükəsizliyin təmin olunmasına yönəlmiş hüquqi tədbir hesab edilir.(referans media)















