Bu ilin yanvar-may aylarında dövlət büdcəsində təxminən 3 milyard manat, icmal büdcədə isə 4,2 milyard manatdan çox profisit yaranıb. Bu göstəricilərin dövlətin maliyyə imkanlarının artmasına nə dərəcədə təsir etdiyi və sosial ödənişlərin artırılması üçün əlavə imkan yaradıb-yaratmadığı maraq doğurur.
Cagdas.az xəbər veriri ki mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlibildirib ki, dövlət büdcəsində və icmal büdcədə yaranan yüksək profisit ilk növbədə dövlət gəlirlərinin xərcləri üstələdiyini göstərir və bu, maliyyə dayanıqlığının gücləndiyini deməyə müəyyən əsas verir.
Onun sözlərinə görə, təkcə bir neçə aylıq profisitə əsaslanaraq dövlətin maliyyə imkanlarının uzunmüddətli şəkildə əhəmiyyətli dərəcədə artdığını söyləmək düzgün olmaz:
“Burada neft qiymətləri, vergi daxilolmaları, ilin qalan hissəsində planlaşdırılan xərclər və fiskal siyasətin prioritetləri də nəzərə alınmalıdır”.
İqtisadçı qeyd edib ki, nəzəri baxımdan yaranan əlavə vəsait pensiya və sosial müavinətlərin artırılması üçün imkan yarada bilər:
“Əgər hökumət sosial müdafiənin gücləndirilməsini prioritet hesab etsə, profisitin bir hissəsi bu istiqamətə yönəldilə bilər. Bununla belə, sosial ödənişlərin artırılması daimi maliyyə öhdəlikləri yaratdığından, belə qərarlar adətən yalnız qısamüddətli büdcə artıqlığına deyil, gələcək gəlirlərin davamlılığına əsaslanır”.
A.Nəsirli hesab edir ki, hazırkı şəraitdə profisit vəsaitlərinin bir hissəsinin strateji layihələrə, infrastruktur xərclərinə, müdafiə və təhlükəsizlik sahəsinə, dövlət borcunun idarə olunmasına və ya ehtiyat fondlarının artırılmasına yönəldilməsi daha real görünür.
“Buna görə də mövcud profisit sosial ödənişlərin artırılması üçün əlavə imkan yaratsa da, bu vəsaitlərin hansı istiqamətə yönəldiləcəyi hökumətin büdcə prioritetlərindən asılı olacaq”, – deyə o vurğulayıb.















