Kitabxana fondlarımızda toplanan kitabların cəmiyyətə nə qədər faydalı olması sual altındadır.
Cagdas.az xəbər verir ki, bunu Mill Məclisin Mədəniyyət komitəsinin bu gün “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə mədəniyyət naziri Adil Kərimli deyib.
Nazir bildirib ki, kitabxana sisteminin inkişafı yalnız infrastrukturla deyil, həm də keyfiyyətli məzmunun formalaşdırılması ilə bağlıdır. Onun sözlərinə görə, bu proses yazarlardan, alimlərdən və nəşriyyatlardan başlayaraq kitab fondlarının zənginləşdirilməsinədək bütün mərhələləri əhatə edir.
Adil Kərimli qeyd edib ki, kitabxanaların səmərəli fəaliyyəti cəmiyyətdə oxu mədəniyyətinin formalaşmasından da asılıdır. O vurğulayıb ki, kitabdan düzgün istifadə vərdişləri məktəbəqədər təhsildən başlayaraq ali təhsil müəssisələrinə qədər bütün mərhələlərdə aşılanmalıdır.
Nazirin sözlərinə görə, son üç ildə kitabxana fondlarının zənginləşdirilməsi məqsədilə nəşrlərin satın alınması üzrə xüsusi komissiya fəaliyyət göstərir və dövlət hər il bu istiqamətə 600 min manata yaxın vəsait ayırır.
“Monitorinqlər göstərdi ki, kitabxana fondlarında toplanan bütün nəşrlər cəmiyyət üçün eyni dərəcədə faydalı deyil. Buna görə də əsas diqqət elmi və elmi-kütləvi ədəbiyyatın alınmasına yönəldilib”, – deyə nazir bildirib.
Adil Kərimli əlavə edib ki, universitetlər və akademik qurumlarla əməkdaşlıq genişləndirilir, çünki elmi ədəbiyyat sahəsində müəyyən çatışmazlıqlar mövcuddur. O vurğulayıb ki, tələbələrin, tədqiqatçıların və alimlərin dünyada nəşr olunan müasir elmi ədəbiyyata, monoqrafiyalara və dərsliklərə çıxışı təmin edilməlidir.(Modern.az )
















