Türkiyə ilə İslandiya arasında diplomatik münasibətlərdə yeni mərhələ başlayır. Prezidentin son təyinat sərəncamına əsasən, hazırda Kiyevdə səfir vəzifəsində çalışan Mustafa Levent Bilgen Türkiyənin İslandiyanın paytaxtı Reykjavikdə fəaliyyət göstərəcək ilk səfiri təyin olunub.
Çağdaş.Az xəbər verir ki, bu qərarla Ankara ilk dəfə İslandiyada daimi diplomatik nümayəndəlik açacaq və iki ölkə arasındakı münasibətlər birbaşa diplomatik kanallar vasitəsilə həyata keçiriləcək.
İndiyə qədər Türkiyə ilə İslandiyanın qarşılıqlı səfirlikləri yox idi. İki ölkə arasında diplomatik əlaqələr Oslodakı Türkiyə səfirliyi və Oslodakı İslandiya səfirliyi vasitəsilə həyata keçirilirdi.
Yeni səfirliyin açılması ilə siyasi, iqtisadi, təhlükəsizlik, turizm və enerji sahələrində əməkdaşlığın daha da genişlənəcəyi gözlənilir.
İslandiyanın xarici işlər naziri Torgerdur Katrin Gunnarsdottir Türkiyənin Reykyavikdə səfirlik açmaq qərarını məmnunluqla qarşıladıqlarını bildirib.
Bununla belə, o qeyd edib ki, İslandiya hazırda Ankarada öz səfirliyini açmağı planlaşdırmır. Nazir iki ölkə arasındakı münasibətlərin mövcud formatda sabit və konstruktiv şəkildə inkişaf etdiyini vurğulayıb.
Gunnarsdottir Türkiyə ilə İslandiyanın əsas ortaq platformalarından birinin NATO olduğunu bildirib.
“Ölkələrimiz arasında münasibətlər yaxşı səviyyədədir. Hər iki dövlət NATO üzvüdür və Türkiyə alyans daxilində ikinci ən böyük hərbi gücə malik ölkələrdən biridir”, – deyə o qeyd edib.
Ekspertlər hesab edirlər ki, Türkiyənin İslandiyada səfirlik açması təkcə diplomatik nümayəndəliyin yaradılması deyil, həm də Ankaranın Şimali Atlantika və Arktika regionuna artan marağının göstəricisidir.
Yeni diplomatik missiyanın NATO çərçivəsində əməkdaşlıq, enerji təhlükəsizliyi, ticarət, turizm və Arktika bölgəsi ilə bağlı layihələrdə Türkiyənin mövqeyini gücləndirəcəyi bildirilir.
















