İşə qəbul prosesi bir çox namizəd üçün karyerada ən vacib mərhələlərdən biridir. Müsahibədə düzgün yanaşma isə nəticəni birbaşa dəyişə bilir.
Bəs iş görüşməsində fərq yaratmaq və müsbət nəticə almaq üçün nələrə diqqət etmək lazımdır?
İnsan resursları üzrə ekspert Röyal Əhmədov Ölkə.az-a açıqlamasında bildirib ki, iş müsahibəsi bir çox insan üçün həm həyəcanlı, həm də müəyyən qədər stress yaradan bir prosesdir.
Onun sözlərinə görə, lakin düzgün hazırlıq və doğru yanaşma bu mərhələni namizədin üstünlüyünə çevirə bilər:
“Təcrübə göstərir ki, müsahibədə uğur qazanmaq yalnız peşəkar bilik və bacarıqlardan deyil, eyni zamanda namizədin özünü təqdimetmə qabiliyyətindən, ünsiyyət bacarıqlarından və hazırlıq səviyyəsindən də asılıdır.
Müsahibəyə getməzdən əvvəl namizəd müraciət etdiyi şirkət və vakansiya haqqında ətraflı məlumat toplamalıdır. Şirkətin fəaliyyət istiqaməti, korporativ dəyərləri və vakansiyanın tələbləri barədə məlumatlı olmaq həm verilən suallara daha dəqiq cavab verməyə, həm də işəgötürəndə müsbət təəssürat yaratmağa kömək edir. Təəssüf ki, bəzi namizədlər yalnız CV göndərməklə kifayətlənir və müsahibəyə hazırlıqsız qatılırlar ki, bu da onların uğur şansını azalda bilir.
Müsahibə zamanı səmimi olmaq və öz bacarıqlarını real şəkildə təqdim etmək vacibdir. Namizəd bilmədiyi bir məsələni bildiyini göstərməyə çalışmamalı, əksinə öyrənməyə açıq olduğunu ifadə etməlidir. Çünki işəgötürənlər çox zaman hər şeyi bilən deyil, inkişaf etməyə və öyrənməyə hazır olan əməkdaşları daha yüksək qiymətləndirirlər”.

Ekspert onu da qeyd edib ki, digər vacib məqamlardan biri isə ünsiyyət və davranışdır:
“Namizədin özünü necə ifadə etməsi, sualları necə dinləməsi, cavabları hansı formada təqdim etməsi onun peşəkar imicinin formalaşmasında mühüm rol oynayır. Eyni zamanda vaxtında gəlmək, uyğun işgüzar geyim seçmək və etik davranış qaydalarına riayət etmək də müsahibənin nəticəsinə təsir edən amillər sırasındadır.
Mənim fikrimcə, iş müsahibəsinə yalnız qiymətləndirmə prosesi kimi deyil, qarşılıqlı tanışlıq və əməkdaşlıq imkanlarının dəyərləndirilməsi kimi yanaşmaq lazımdır. Namizəd şirkəti tanıdığı kimi, şirkət də namizədi tanımağa çalışır. Buna görə də müsahibə zamanı vakansiya, iş şəraiti və inkişaf imkanları ilə bağlı suallar verməkdən çəkinmək lazım deyil.
Nəticə etibarilə, uğurlu müsahibənin əsas şərtləri hazırlıq, özünəinam, səmimilik və peşəkar davranışdır. Bu amillərə diqqət yetirən namizədlər həm müsahibədə fərqlənə, həm də arzuladıqları işə qəbul olunmaq şanslarını əhəmiyyətli dərəcədə artıra bilərlər”.(ölkə.az)
















