Böyük həcmli məlumatların SSD deyil, HDD yaddaş qurğularında saxlanılması daha məqsədəuyğundur.
Cagdas.az xəbər verir ki, bu barədə XDA nəşrinin yayımladığı materialda bildirilib.
Məqalədə qeyd olunur ki, son dövrlərdə SSD yaddaş modullarının bahalaşması fonunda istifadəçilər məlumatların saxlanması ilə bağlı daha səmərəli üsullara üstünlük verməlidirlər. Mütəxəssislərin fikrincə, kompüterdə həm SSD (Solid State Drive), həm də HDD (Hard Disk Drive) tipli yaddaş qurğularının olması ən optimal variant hesab olunur.
XDA portalının eksperti Tanvir Sinqhin sözlərinə görə, SSD yüksək sürət təqdim etsə də, məlumatların yazılıb-silinməsi baxımından məhdud resursa malikdir. Buna görə də əməliyyat sisteminin və yüksək performans tələb edən proqramların, xüsusilə oyunların SSD-də saxlanılması tövsiyə edilir.
Digər məlumatların isə HDD-də saxlanılması daha məqsədəuyğun sayılır. Belə ki, filmlər, fotoşəkillər, sənədlər və gündəlik istifadə olunmayan digər fayllar üçün sərt disklər daha əlverişli seçimdir. Tanvir Sinqh bildirib ki, hətta sistem tələbləri yüksək olmayan bəzi köhnə oyunları da HDD üzərindən rahat şəkildə işlətmək mümkündür.
Mütəxəssislər HDD-nin digər üstünlüyünün qiymət olduğunu vurğulayıblar. Onların sözlərinə görə, eyni yaddaş tutumuna malik HDD modelləri adətən SSD-lərdən təxminən 40 faiz daha ucuz olur.
XDA daha əvvəl də xəbərdarlıq etmişdi ki, SSD-də böyük həcmdə məlumat saxlanılması və faylların tez-tez yenidən yazılması yaddaş qurğusunun istifadə müddətini qısalda bilər. Bu səbəbdən istifadəçilərə böyük həcmli məlumatları HDD-də saxlamaq tövsiyə olunur.(sfera.az )
















