2025-ci ildə dövlət büdcəsinin gəlirləri Azərbaycanın müstəqillik tarixində ən yüksək səviyyəyə çatıb.
Cagdas.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ötən il dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat təşkil edib. Sədr qeyd edib ki, gəlirlərlə yanaşı, büdcə xərclərində də tarixi artım müşahidə olunub və bu göstərici 38,6 milyard manata çatıb.
V.Gülməmmədov deyib ki, 2025-ci ildə dövlət büdcəsinin xərcləri üzrə son on ilin ən aşağı icra göstəricisi qeydə alınıb.
Onun sözlərinə görə, dövlət büdcəsinin xərcləri 93,2 faiz səviyyəsində icra olunub. Nəticədə büdcə xərcləri proqnozla müqayisədə 2,8 milyard manat az yerinə yetirilib.
Sədr vurğulayıb ki, bu amil büdcə balansına da təsir göstərib.
















