Türkiyənin yeni konstitusiyasının hazırlanması hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək üç günlük iclasının əsas mövzularından biri olacaq.
Çağdaş.Az xəbər verir ki, daha əvvəl “Sözcü” qəzeti hakim partiyanın keçmiş millət vəkili Şamil Tayyarın açıqlamalarına istinadən yazmışdı ki, Ərdoğan iyul ayında Ankarada keçiriləcək NATO sammitindən sonra respublikada siyasi həyatı kəskin şəkildə gücləndirə və yeni konstitusiyanın qəbul edilməsi üçün konkret addımlar ata bilər.
Agentliyin mənbəsi bildirib ki, “Yeni Konstitusiya məsələsi qarşıdan gələn partiya iclasında prioritet mövzular arasındadır. Növbəti addımlar və ictimaiyyətlə əlaqələr strategiyası müzakirə olunacaq”.
Onun sözlərinə görə, görüşdə partiya rəhbərliyi, nazirlər, parlament üzvləri və AKP-nin qurucu üzvləri iştirak edəcək. Əsas diqqət partiyanın yeni siyasi dövr üçün hədəflərinə yönələcək.
İyul ayında keçiriləcək NATO sammiti ərəfəsində xarici siyasət və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək.
Agentliyin mənbəsinin qeyd etdiyi kimi, AKP nümayəndələri avqust ayında seçicilərlə əlaqələrini gücləndirmək niyyətindədirlər. Xüsusilə, onlar ictimai rəy sorğuları və yeni Konstitusiyanın zəruriliyi ilə bağlı maarifləndirmə kampaniyası keçirməyi planlaşdırırlar.
Yeni Konstitusiya layihəsinin 2027-ci ilin əvvəlində parlamentə təqdim olunacağı gözlənilir.
Xatırladaq ki, Ərdoğan dəfələrlə Türkiyənin gələcək inkişafını təmin etmək üçün yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib. O hesab edir ki, 1982-ci ildə qəbul edilmiş hazırkı Türkiyə Konstitusiyası bir sıra dəyişikliklərə baxmayaraq, artıq müasir çağırışlara cavab vermir./Referans Media/
















