Yapon alimlərinin apardığı riyazi modelləşdirmə göstərib ki, Ebola virusu daşıyıcılarının 30 gün ərzində Avropa və Asiyanın ən böyük hava nəqliyyatı qovşaqlarına çatma ehtimalı yüksəkdir.
Cagdas.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə görə, infeksiyanın Belçika, Fransa, BƏƏ və Türkiyəyə daxil olma riski 90 faizə qədər yüksəlir.
Digər hesablamalar isə göstərir ki, hazırda Ebola qızdırmasının yayıldığı Konqo və Uqandadan beynəlxalq reyslərlə səyahət edən yoluxmuş sərnişinlərin yarıdan çoxu sərhəd nəzarəti məntəqələrində aşkar edilmir. Buna səbəb onların hələ xəstəliyin simptomlarını göstərməməsidir.
Mütəxəssislər bildirirlər ki, bu cür modellər infeksiyanın yayılması baxımından ən həssas istiqamətləri müəyyən etməyə imkan verir.
Ekspertlər vurğulayırlar ki, Ebola virusuna yoluxmaq üçün xəstə şəxslə yaxın təmas tələb olunur. Bu amil isə infeksiyanın genişmiqyaslı yayılması riskini əhəmiyyətli dərəcədə azaldır.
Xatırladaq ki, Ebola bir çox hallarda ölümlə nəticələnən ciddi infenksiya xəstəliyidir. Virusun müxtəlif ştammlarına yoluxma 50 faizdən 90 faizədək hallarda xəstənin ölümü ilə nəticələnir. Ebola virusunun ilk yayılma halı 1976-cı ildə Konqo Demokratik Respublikasının Ebola çayı ətrafında qeydə alınıb.(modern.az)
















