Rəqəmsal xidmətlər üzrə xaricə ödənişlər sadələşdirilir, korporativ müqavilələrdə xarici hüququn tətbiqinə icazə verilir.
Cagdas.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Belə ki, layihəyə əsasən, rezident hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən xarici dövlətlərdə yerləşən təminatçılara rəqəmsal xidmətlər, proqram təminatı lisenziyaları, bulud (server) xidmətləri və beynəlxalq kommersiya abunəlikləri üzrə ödənişlərin aparılması qaydası sadələşdirilir.
Dəyişikliklə təqvim ayı ərzində ümumi məbləği 200 min ABŞ dolları ekvivalentinədək olan köçürmələr ikitərəfli müqavilə təqdim edilmədən, yalnız xidmətin təyinatını əks etdirən elektron hesab-faktura və ya ödəniş bildirişi əsasında həyata keçirilə biləcək. Bu mexanizmin beynəlxalq rəqəmsal platformalar, proqram təminatı və bulud xidmətlərindən istifadə edən şirkətlərin əməliyyatlarını sürətləndirəcəyi gözlənilir.
Qanun layihəsində, həmçinin ilk dəfə korporativ müqavilələr üzrə tərəflərə yaranacaq mübahisələrin həllində xarici dövlət hüququnun tətbiqi barədə razılığa gəlmək imkanı yaradılır. Belə ki, tərəflər Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidenti olmalarından asılı olmayaraq, korporativ müqavilədə xarici hüququn tətbiqini və mübahisələrin arbitraj yolu ilə həllini müəyyən edə biləcəklər.
Bundan başqa, korporativ müqavilələrdə səsvermə qaydaları, səhmlərin alqı-satqısı, investisiya qoyuluşu, idarəetmə orqanlarının formalaşdırılması, xüsusi hüquqlar, veto mexanizmləri və digər mühüm məsələlərin də tərəflərin razılığı əsasında tənzimlənməsi nəzərdə tutulur. Layihə müəlliflərinin fikrincə, bu dəyişikliklər Azərbaycan qanunvericiliyinin beynəlxalq biznes təcrübəsinə uyğunlaşdırılmasına, xarici investorlar üçün daha çevik hüquqi mühitin formalaşdırılmasına və ölkənin investisiya cəlbediciliyinin artırılmasına xidmət edəcək.(modern.az)
















