Suriya Prezidenti Əhməd Əl Şaraa ölkənin cənubunda İsrail ordusunun son əməliyyatlarından sonra Təl-Əvivi bufer zonadakı qüvvələrini geri çəkməyə çağırıb.
Çağdaş.Az xəbər verir ki, bu barədə “Associated Press” Suriya liderinə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət ümumi sahəsi təxminən 235 kvadratkilometr olan bufer zonadan gedir. Əhməd Əl Şaraa İsrail hərbçilərinin həmin ərazidə son fəaliyyətini də qətiyyətlə pisləyib.
İsrail Müdafiə Qüvvələri bazar günü yaydığı məlumatda Suriyanın cənubundakı bufer zonada bir neçə silahlı şəxsin məhv edildiyini bildirib.
Əməliyyat yerli sakinlərin etirazına səbəb olsa da, insident zamanı mülki şəxslər arasında itki qeydə alınmayıb.
Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin sərhəd təhlükəsizliyi məsələsində güzəştə getməyəcəyini bəyan etmiş, İsrail ordusunun Livan, Suriya və Qəzzada öz təhlükəsiz zonalarına nəzarəti saxlamaqda qərarlı olduğunu bildirmişdi.
2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra İsrail ordusu bufer zonaya və Hermon dağının Suriya hissəsinə yerləşdirilib.
İsrailin Baş naziri Benyamin Netanyahu bu addımı 1974-cü ildə İsrail və Suriya arasında imzalanmış qüvvələrin ayrılması haqqında sazişin artıq qüvvəsini itirməsi ilə əsaslandırıb.
Sentyabrın 17-də Suriyanın keçid hökumətinin xarici işlər naziri Asaad Hassan Əl Şaibani və İsrailin strateji məsələlər naziri Ron Dermer ABŞ prezidentinin xüsusi nümayəndəsi Tom Barrakın vasitəçiliyi ilə Londonda görüş keçiriblər.
“Syria TV”-nin məlumatına görə, tərəflər 1974-cü il sazişini əvəz edəcək yeni razılaşma layihəsini müzakirə ediblər.
















