Nazirlər Kabineti Azərbaycanda 2026-cı il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiymətini 400 manat/ton olaraq müəyyən edib.
Çağdaş.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb. Sərəncama əsasən, bu, 2025-ci illə müqayisədə eynidir. Xatırladaq ki, Prezident İlham Əliyevin ‘Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında’ 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.
Qlobal ərzaq bazarlarında və tədarük zəncirində qeyri-sabitliyin davam etdiyi, habelə regional iqlim dəyişikliklərinin aqrar sektora mənfi təsirlər göstərdiyi bir dövrdə, Azərbaycan hökumətinin daxili taxılçılıq bazarını qorumaq məqsədilə atdığı bu addım ölkənin ərzaq təhlükəsizliyi baxımından xüsusi çəkiyə malikdir. Dövlət tədarük qiymətinin sabit saxlanılması və subsidiyalaşdırma mexanizminin davam etdirilməsi həm daxili un və çörək bazarında qiymət sıçrayışlarının qarşısını almağa, həm də fermerlərin istehsal motivasiyasını qorumağa yönəlmiş preventiv addım kimi qiymətləndirilir. Bu sərəncam rəsmi Bakının aqrar sahədə idxaldan asılılığı minimuma endirmək və daxili resursları hərəkətə gətirmək strategiyasının tərkib hissəsidir.
Çağdaş.Az bildirir ki, məsələ ilə bağlı Nocomment.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, Nazirlər Kabinetinin 2026-cı il üçün tədarük qiymətini 400 manat səviyyəsində saxlaması daxili bazarda sabitliyin qorunması və fermerlərin risklərdən sığortalanması üçün mühüm kommersiya rıçaqıdır: “Hökumətin bu qərarı daxili taxıl bazarında qiymət gözləntilərini stabilləşdirir. Fermer məhsulu əkib-biçməmişdən öncə artıq bilir ki, dövlət onun keyfiyyətli buğdasını minimum hansı qiymətə alacaq. Bu, istehsalçı üçün bir növ dövlət zəmanətidir. Qiymətin ötən illə müqayisədə dəyişməməsi daxili un dəyirmanlarının və çörək istehsalçılarının da xammal xərclərini proqnozlaşdırmağa imkan verir ki, bu da pərakəndə satışda kəskin bahalaşma riskini sıfırlayır. Üstəlik, dövlətin hər tona görə təqdim etdiyi 100 manatlıq əlavə məhsul subsidiyasını da bura hesablasaq, müasir suvarma tətbiq edən fermer faktiki olaraq hər tondan 500 manat gəlir əldə edir ki, bu da mövcud iqtisadi konyunkturada rentabelliyi tam təmin edir”.
Ekspertin sözlərinə görə, dövlətin bu qərarı həm də ölkədə kənd təsərrüfatının rəqəmsallaşdırılması və müasir texnologiyaların tətbiqini birbaşa stimullaşdıran iqtisadi mexanizmdir: “Prezidentin fərmanına istinadən yalnız müasir suvarma sistemlərinin — pivot və damcılama üsullarının tətbiq edildiyi təsərrüfatlara 100 manat subsidiya verilməsi şərti ölkədəki su qıtlığı və iqlim anomaliyaları fonunda çox strateji xarakter daşıyır. Dövlət bununla fermerə mesaj verir ki, ənənəvi, kortəbii suvarma ilə deyil, intensiv və qənaətli texnologiyalarla işləyən istehsalçıya tam dəstək olacaq. Bu yanaşma həm torpaqların şorlaşmasının qarşısını alır, həm də məhsuldarlığı 2-3 dəfə artırır. Azərbaycanın ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini yüksəltmək, kölgə iqtisadiyyatının qarşısını almaq və Dövlət Ehtiyatları Agentliyinin taxıl anbarlarını daxili məhsulla doldurmaq üçün bu cür hədəfli qiymət və subsidiya siyasəti aqrar sektorun gələcək inkişaf ssenarisini müsbətə doğru dəyişəcək”.
















